Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək


Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracı layihəsi üzrə baş ofisi Bakıda yerləşməklə birgə müəssisə yaratmaq barədə razılığa gəlib.

"Report"un Astanadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında çıxışı zamanı deyib.

“Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var”, - O.Zeynalov bildirib.

Onun sözlərinə görə, tərəflər layihənin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün texniki tapşırıqları artıq təsdiqləyiblər.

“Üç ölkənin nümayəndələrindən ibarət işçi qrup Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli enerji şirkətlərinin iştirakı ilə Bakıda birgə müəssisənin yaradılması ilə bağlı qərar qəbul edib. Layihənin texniki-iqtisadi əsaslandırması İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanacaq”, - nazir müavini qeyd edib.

O əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində Strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətni də razılaşdırılıb.

“Sənədin yüksək səviyyədə imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsinə töhfə verəcək. Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri “yaşıl enerji”nin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açır. Bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi ehtiyatlarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər”, - o qeyd edib.

Kulpaş Konırova 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}