Paşinyanın “misli görünməmiş” silahları: baş nazir öz xalqını aldadır
2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb. Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. O, əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan “misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib.
Jurnalistlər isə parlament kuluarlarında Paşinyanın hansı “misli görünməmiş” silahlardan danışdığını müdafiə nazirinin müavini Qabriel Balayandan soruşublar. O deyib ki, alınan silahların siyahısını açıqlaya bilməz, çünki hərbi sirdir. Bununla belə, Balayan Ermənistanın son iki ildə “intensiv şəkildə yeni, müasir silahlar aldığını” deyib.
Paşinyanın il yarımda Ermənistanın “misli görünməmiş miqdarda” silah sursat əldə etdiyi barədə bəyanatı publikaya hesablanmış reallığa əsaslanmayan bəyanatdır, yoxsa realdır? Ermənistanın imkanları buna yetirmi? Azərbaycanla bu məsələdə ayaqlaşması mümkünmü?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın açıqlamasının publikaya hesablanmış populist açıqlama olduğunu faktlar sübut edir: “Ermənistanın Azərbaycanla hərbi gücünü müqayisə edərkən, paritetin Azərbaycanın xeyrinə olduğunu istənilən beynəlxalq mənbələr, həmçinin iki ölkənin hərbi büdcəsinin müqayisəsi tərəddüdsüz təsdiq edir. Hətta erməni diasporu bu faktdan istifadə edərək, olduqları ölkələrdə, xüsusilə ABŞ-da hay-küy salır, həyəcan təbili çalaraq kiçik Ermənistanın qüdrətli Azərbaycan tərəfindən sıxışdırıldığını iddia edir, Ermənistana hərbi dəstək göstərilməsinin vacibliyini vurğulayırlar.
2016-cı il aprel döyüşlərindən sonra erməni diasporasının bu təşvişi xüsusilə artmışdır. Azərbaycan ordusunun cəbbəxanasına qəbul edilən bir sıra silah növləri Ermənistanı olduqca narahat edir. Məsələn, Türkiyədən aldığımız “Stealth” texnologiyası ilə hazırlanmış super(ultra)müasir “SOM - B1" qanadlı raketləri hava və raket hücumundan etibarlı müdafiə vasitələri olmaqla Ermənistanda təşviş yaradıb. Onlar üçün hətta məşhur S-400 sistemləri də adi hədəfdir. Hətta erməni ordusunun arsenalındakı ”9K317 Buk-M2" zenit-raket kompleksləri də onları yaxalamaq gücündə deyil. Yaxud Ermənistanın arsenalına hələ 2020-ci ildə daxil olması gözlənilən Su-30 SM qırıcılarının qarşılığında Azərbaycanın daha müasir Su-30 MKA qırıcıları alması gözlənilir. Məhz bu, Ermənistanı narahat edir. Ermənistan “İsgəndər” raketləri ilə Azərbaycanı şantaj edirdi. Azərbaycan Belarusdan “Polonez” reaktiv yaylım atəşi sistemi almaqla, hərbi balansın pozulmasının qarşısını aldı. Nəzərə alsaq ki, Azərbaycan həm də İsraildən LORA operativ-taktiki raket kompleksləri alıb, odur ki, bunlar İrəvanı narahat edən səbəblərdəndir".
Ekspert onu da dedi ki, Azərbaycanın Ermənistandan üstünlüyünə təkcə sırf hərbi güc faktoru ilə deyil, həmçinin siyasi və iqtisadi güc amilləri də daxildir: “Çünki ölkənin iqtisadi və siyasi qüdrəti olmadan, hərbi güc baxımdan üstünlük qeyri-mümkündür, bunlar bir-birini tamamlayan amillərdir. Paşinyanın göstərdiyi rəqəmlər isə inandırıcı deyil, o baxımdan ki, o, hakimiyyətə gəlməzdən öncə Serj Sərkisyan rejimi və ”Qarabağ klanı" hərbi xərclərə daha çox vəsait ayırırdı. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi məlumatlarına görə, Ermənistanın hərbi xərcləri 2015-ci ildə ümumdaxili məhsulun (ÜDM) 4,25, 2016-cı ildə 4,9, 2017-ci ildə 4,9, 2018-ci ildə 4,2 faizini təşkil edib. Göründüyü kimi, Paşinyan yalnız özündən əvvəlki illərlə müqayisə edib, halbuki, əvvəlki illərdə hərbi xərclərə ÜDM-in daha çox hissəsi cəlb olunub. Üstəlik, ölkənin ağır sosial durumu şəraitində bu günlərdə Paşinyanın öz partiyası tərəfindən parlamentdə müzakirə olunan qanun layihəsi böyük səs-küy yaradıb və Ermənistanda dərin sosial təbəqələşmənin təzahürünün orduya da sirayət etdiyinin göstəricisidir. “Mənim addımım” blokunun təmsilçisi Ayk Sarkisyan 27 yaşadək hərbi mükəlləfiyyətli vətəndaşların 2 il əvəzinə 1 ay hərbi xidmət keçmək və 20 min dollar ödəmək müqabilində həqiqi hərbi xidmətini başa vurmuş sayılmasını təklif edib. Bu, kontraktlı hərbi xidmətə keçidin başlanğıcı ola bilər. Lakin əhalini varlı və yoxsul təbəqəyə bölmək, habelə konstitusiyaya zidd olması baxımdan qanun layihəsinə qarşı çıxanlar çoxdur. Eyni zamanda, Ermənistan əhalisinin sayının azlığı kontrakt əsasında ordu quruculuğuna mane olur. Qanun layihəsinin müəllifi olan fraksiya 2020-ci ildən bu cür sistemə keçməyə tələsdirsə də, Ermənistan Müdafiə Nazirliyi gələn ilin sonunadək qanun qəbul edilməsini təxirə salmağı təklif edir.
Paşinyan Qarabağa son səfəri zamanı etdiyi çıxışında hakimiyyətə gəldiyi dövrü nəzərdə tutaraq, son il yarımda ordu üçün xeyli silah-sursat alındığını qeyd edib. Lakin, Ermənistan ordusu silah alışında Azərbaycandan geri qalır. Bu fakt Stokholm Sülh Tədqiqatları İnstitutunun araşdırmalarında da öz əksini tapıb. Son illərdə Rusiya kimi dünyanın ən böyük silah ixracatçılarından biri olan ölkənin ümumi silah satışının 5 faizi Azərbaycanın payına düşür. Halbuki, əvvəlki 10 ildə bu rəqəm təxminən 0,7 faiz təşkil edirdi. Prezident İlham Əliyev də Rusiyada səfərdə olarkən ölkəmizin 5 milyard dollar məbləğində silah almasını qeyd etmişdi. Ermənistan Azərbaycanın hücum silahları almasından narahatlıq keçirdiyini bəyan edərək, hay-küy salsa da, özü də Rusiyadan bu tip silahlar alır. Həm də KTMT üzvü olduğu üçün “Rosoboroneksport”un vasitəçiliyi olmadan, birbaşa silah almaq imkanına malikdir. Lakin onun silah məsələsində Azərbaycana çatması mümkün deyil".
Qeyd edək ki, Ermənistan 2020-ci ildə müdafiə xərclərini 25.3% artırmağı nəzərdə tutduğunu bəyan edib. Bu isə 625 milyon ABŞ dolları edir. 2018-cu il üçün hərbi xərclər 609 milyon dollar təşkil edib. Bildirilir ki, bu zaman müdafiə xərcləri ÜDM-nin 4%-dən artığını təşkil etməyəcək. Beləliklə, hərbi xərclərin artımı cəmi 16 milyon dollardır. Bu isə Azərbaycanın hərbi xərcləri ilə müqayisəyə belə gəlməz. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin başqa hesabatına əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır.
Azərbaycan gələn il hərbi və müdafiə xərcləri üçün 3 milyard 853 milyon 600 min manat və ya təxminən 2.27 milyard ABŞ dolları nəzərdə tutub. Bu 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur (Cari ildə 3 milyard 187 milyon 600 min manat olub). Yəni bizim hərbi büdcəmiz az qala, Ermənistanın ümumi büdcəsi qədərdir.
Şəffaflıq.az
Facebook-da paylaş