ŞƏT-lə əməkdaşlıq Azərbaycanı güc mərkəzlərindən birinə çevirə bilər - RƏY


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq Azərbaycanı güc mərkəzlərindən birinə çevirə bilər.

Bu sözləri “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəlindən birqütblülüyün mənasını dərindən dərk edən bir ölkə olaraq Azərbaycan çoxqütblülüyü dəstəkləyir: "Hətta qardaş dövlətlər ailəsi olaraq özümüz də güc mərkəzlərindən birinə çevrilmək istəyirik. Çin-Azərbaycan əməkdaşlığı Azərbaycana bu yolda irəliləməsinə töhfələr verə bilər".

S.Alıyev qeyd edib ki, Azərbaycan və Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaşlığı daha üstün statusla əvəzləmək niyyətindədirlər. Sözügedən təşkilat terrorizmə, ekstremizm və separatizmə qarşı konkret mövqe ortaya qoyan qurum kimi ona üzv ölkələrdə və bütövlükdə regionda maraqlıdır.

"Azərbaycan artıq strateji tərəfdaşdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünün önəmi və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması bizim artıq strateji tərəfdaş olduğumuzun bariz nümunəsidir. Gələn il Çinin sədrliyi ilə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində Azərbaycanın statusunun artırılmasının baş tutacağı da toplantıda öncədən anons edilib. Növbəti il prezidentimizin Çinə dövlət səfəri ilə eyni vaxtda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında ölkənin statusunun artırılması özlüyündə çox şey deməkdir”, - deyə o bildirib.

VI çağırış parlamentin deputatı vurğulayıb ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ölkələr arasındakı münasibətlərə, iqtisadi, humanitar, turizm sahəsində əməkdaşlığın genişlənməsinə də böyük təsir edəcək:

"Xatırladım ki, bəyannamədə rəsmi Pekin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəklədiyini və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab etdiyini vurğulayıb. Bu da tərəflərin öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəklərini, tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlarını, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nin tikintisində və istismarında fəal iştirak edəcəklərini, eləcə də marşrutboyu istehsal-təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyinin birgə təmini kimi məsələlərin gündəmə gətiriləcəyi deməkdir”.

Sevil Seymur Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}