XİN: Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq mövcuddur
Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. Şəffaflıq.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü barədə suallarına cavabında deyib. A.Hacızadə qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib: “Ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar. İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər”.
Facebook-da paylaş