ADPU-nun Pedaqoji Forumunun XI dinləməsi keçirilib
Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) XI dinləməsi keçirilib. Tədbirdə Türkiyənin
Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlunun “Öyrətmək müqəddəsdir (50 illik təcrübə işığında)” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov giriş sözü ilə çıxış edərək Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlunu universitetdə görməkdən böyük məmnunluq hissi duyduğunu bildirib. Məruzəçi haqqında məlumat verərək qeyd edib ki, Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlu müəllimlik elminin mahir bilicilərindəndir. Müəllimlik elmi dünyanın ən şərəfli sənətidir. Müəllim olmaq istəyən şəxs, peşəsini sevməli, tələbələrlə işləməkdən, onlara bilik öyrətməkdən zövq almalıdır söyləyən rektor Bülent Himmetoğlunun müəllimlik peşəsinin bariz nümunəsi olduğunu qeyd edib.
Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlu öncə ADPU-nun rəhbərliyinə görüşün keçirilməsinə görə təşəkkürünü bildirib və “Öyrətmək müqəddəsdir (50 illik təcrübə işığında)” mövzusunda geniş məruzə ilə çıxış edib. Bülent Himmetoğlu məruzəsində 50 illik təcrübəsindən danışaraq bildirib ki, müəllimlər cəmiyyətin memarı, gələcək nəsillərin yaradıcısı olmaqla yanaşı, insan həyatında önəmli yer tuturlar. Müəllimlik sənətinin yaradıcı iş olduğu qeyd edən məruzəçi müəllim yalnız dərsi tədris etməklə yetinməməli, tələbəyə tələbəlik illərini unutmayacağı bir təcrübə olaraq yaşatmalıdır. Müəllim tələbəyə ilk öncə insanlığı, dəyər verməyi, bağışlamağı, qiymətləndirməyi öyrətməli, peşə sevgisini, öyrənmə sevgisini və yaşamaq sevgisini aşılamalıdır. Öz ümidini, öz gələcəyini müəllimə etibar edən tələbə öyrənmək istədiyini müəllimdə tapmalıdır. Onlar müəllimin simasında sənətinə vurğun bir insan görməlidirlər. Müəllim elə bir insan-mütəxəssis olmalıdır ki, tələbə-gənclər ondan öyrənməyə can atsınlar. Müəllim-tələbə münasibəti zamanın tələbinə uyğun qurulmalıdır. Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməlidir. Bunları o sözdə yox, əməldə həyata keçirməlidir. Müəllim əməyinin nəticəsində parlaq zəkalı və istedadlı gənclər yetişdirilir.
Bülent Himmetoğlu çıxışında həmçinin tələbələri haqqında xatirələrini də bölüşüb.
“Öyrətmək müqəddəsdir” kəlamı ilə məruzəsini sona çatdıran Bülent Himmetoğlu bu müqəddəs peşədə müəllimlərə uğurlar arzulayıb və “Öyretmen olmaq: Bir cana dokunmaq” adlı kitabını universitetin kitabxanasına hədiyyə edib.
Rektor Cəfər Cəfərov və Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov səmimi və maraqlı məruzəsinə görə Bülent Himmetoğluna təşəkkür edib və hədiyyə təqdim olunub.
Sonda tədbir iştirakçıları məruzəçi ilə bağlı fikirlərini bölüşərək Bülent Himmetoğlunu ADPU-ya dəvət etdiklərinə görə universitet rəhbərliyinə dərin minnətdarlığını bildirib və belə görüşlərin davamlı keçirilməsini arzulayıblar.
Şəffaflıq.az
Facebook-da paylaş