Deputat: Milli Məclisin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühümdür


Milli Məclisin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühümdür.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edəcək: "Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər hazırlıq kifayət qədər vaxt və enerji tələb edir. Belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir".

Deputat bildirib ki, seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq: "Bildiyinzi kimi, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir".

"Milli Məclisin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən səsvermə zamanı seçiləcəklər. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra bu, Azərbaycan tarixinin daha bir mühüm siyasi hadisəsi olacaq. Azərbaycan parlamentinin üzvləri hər zaman dövlətin maraqlarını üstün tutub. Ötən beş il ərzində parlamentin fəaliyyəti, ölkəmizin milli maraqlarının qorumaq üçün millət vəkillərinin göstərdiyi yüksək fəallıq bunu təsdiq edir", - S.Məmmədov vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}