YAP-ın iki rayon təşkilatına yeni sədr təyin edilib, Veteranlar Şurasına üzvlər seçilib
İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Şəffaflıq.az xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. İclasda ilk olaraq YAP Saatlı rayon təşkilatının sədri Lütvəli İbrahim oğlu Şıxəliyevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə baxılıb. Tahir Budaqov 1993-cü ildən YAP-ın üzvü olan L.Şıxəliyevin 1999-cu ildən bu günədək partiyanın Saatlı rayon təşkilatının sədri vəzifəsində uğurla fəaliyyət göstərdiyini bildirib, onun bundan sonra da öz peşəkarlığı və təcrübəsi ilə rayon təşkilatının işinə yaxından dəstək verəcəyinə əminliyini ifadə edib. YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış edərək L.Şıxəliyevin partiya işində nümunəvi fəaliyyət göstərdiyini qeyd edib. Ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən L.Şıxəliyev ictimai-siyasi proseslərdə, partiyanın həyatında bundan sonra da fəal iştirak edəcəyini bildirib. Müzakirələrin sonunda Lütvəli Şıxəliyevin YAP Saatlı rayon təşkilatının sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub. Ardınca YAP Saatlı və Zaqatala rayon təşkilatlarına sədrlərin təyin edilməsi məsələsinə baxılıb. Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının, Fərid Səfər oğlu Ramazanovun isə Zaqatala rayon təşkilatının sədri vəzifələrinə namizədliyi irəli sürülüb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Asif Əsgərli çıxış edərək hər iki şəxsin irəli sürülən vəzifəyə layiq olduqlarını bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Müzakirələrdən sonra Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının sədri və Fərid Səfər oğlu Ramazanovun YAP Zaqatala rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib. Sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə daxil edilməsi məsələsinə baxılıb. Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Elnarə Akimova və Aynur Sofiyeva namizədliyi irəli sürülən şəxslərin həyat yoluna nəzər salaraq partiya və dövlət qarşısında xidmətlərini qeyd edib və partiyanın Veteranlar Şurasında təmsil olunmalarını dəstəklədiklərini bildiriblər. Müzakirələrdən sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin YAP Veteranlar Şurasına üzv seçilməsi haqqında qərar qəbul olunub.
Facebook-da paylaş