Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. Məlumata görə, layihə iyulun 1-dək “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“İnnovasiyalar Mərkəzi” MMC), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır. Həmçinin qeyd edilən dövrədək EDM-lərin yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması üzrə bütün prosedurları və xərcləri özündə əks etdirən proseslər xəritəsinin hazırlanmalı və Komissiyaya təqdim olunmalıdır. Xəritə “Azərişıq” ASC, Energetika Nazirliyi (o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), İqtisadiyyat, Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır.
Facebook-da paylaş