Tağı Əhmədov: Lukaşenkonun sözüdür "Prezidentlərin hamısının içərisində ən yüksək səviyyədə olanı Azərbaycan prezidentidir".
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Bakupost.az-a geniş müsahibəsində Bakı Metropoliteninin keçmiş rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.
“Bu gün bizim Prezidentimiz istər Azərbaycan dilində, istər rus dilində, istərsə də ingilis dilində yüksək səviyyədə danışır. Diplomatik danışıqlarda, əsasən, kağızdan istifadə olunur. Ancaq bizim Prezidentimiz öz üzərində nə qədər çalışırsa, ölkə daxilində, ya da xaricdə, fərqi yoxdur, heç vaxt kağızdan istifadə etmir, birbaşa tribunadan nitq söyləyir. O, Azərbaycanın fəxridir...” – T.Əhmədov vurğulayıb.
O bildirib ki, Azərbaycan xalqına bir neçə dəfə xoşbəxtlik nəsib olub. Onlardan ən böyüyü Heydər Əliyevin Azərbaycana qayıdışıdır:
“Şansımız onda gətirdi ki, Heydər Əliyev Naxçıvana getdi. O, Naxçıvanda olanda ermənilər Naxçıvanı ala bilmədi, elə ruslar da Heydər Əliyevə görə Naxçıvana girişməyə cürət eləmədi... Bir dəfə Vasim Məmmədəliyevə sual verdim ki, peyğəmbərlər nə vaxt zühur edir? Dedi, bir insanlar quduranda, bir də ən pis vəziyyətə düşəndə. Azərbaycanın ən pis vəziyyətində Heydər Əliyev gəldi, xalq ona inandı. Əlbəttə, burada Əbülfəz Elçibəyin fəaliyyətini danmaq olmaz. Çünki Əbülfəz Elçibəy prezident idi, qırğın da edə bilərdi, hakimiyyəti verməyə də bilərdi. Amma o dedi, mən Heydər Əliyevi bura nəinki dəvət edirəm, onun qabağında qurban da kəsirəm, təki gəlib Azərbaycanı bu vəziyyətdən çıxartsın. Azərbaycan 1988-ci ildən 1993-cü ilin birinci yarısına qədər acınacaqlı bir vəziyyətdə idi. Heydər Əliyev gələnə qədər xristianların tərtib elədiyi xəritəyə görə Zaqatala-Qax-Balakən Gürcüstana, Quba-Qusar-Xaçmaz Rusiyaya verilirdi. Bədnam Ələkram Hümbətov Talış-Muğan Respublikası yaradırdı, Kürdəmirdən o tərəfə ərazilərisə ermənilərə ərmağan edilirdi. Heydər Əliyevin gəlişi bunların hamısının qabağını aldı”.
T.Əhmədov YAP-da islahatlar və dəyişiklik barədə suala belə cavab verib:
“Siz, yəqin, məni nəzərdə tutursunuz ki, artıq yaşlanmışam, nəyə görə buradayam? Burada bir şey var, böyüklərdən təcrübəni öyrənmək lazımdır. Lakin zamanı gəldiyində istər-istəməz bu estafet gəncliyə verilməlidir. Hazırda partiyanın hardasa 45 faizi gənclərdən ibarətdir. Ulu öndərimiz dediyi kimi, gələcək gənclərin əlindədir. Bizim gəncliyimiz rusların Demokl qılıncı altından keçib. O vaxt səsimizi çox çıxara bilmirdik. Amma bugünkü gənclik azad, müstəqil Azərbaycanda yaşayır. Ona görə də daha çox aktiv olmalı, irəli getməlidir. Söz yox ki, mən hələ gənclərimizi istədiyim səviyyədə görə bilmirəm. Yəqin ki, xaricdə oxuyub vətənə dönənlər daha fəal, daha çevik olacaqlar. Onda bizlər də rahat olacağıq.
Sizə söz verirəm ki, yaxın müddətdə mən də istefa verib gedəcəyəm. Artıq yaş həddi gəlib çatıb. Gərək müxbirlərin sözünü yerə salmayım”.
Facebook-da paylaş