AMEA Lənkəran Regional Elmi Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş növbəti elmi seminar keçirilib.-FOTO
Aprelin 6-da AMEA Lənkəran Regional Elmi Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Füzuli və İslam dəyərləri” mövzusunda elmi seminar keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyi haqqında imzaladığı sərəncamı diqqətə çatdıraraq bildirib ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsinin aparıcı məsləhətçisi Səyyad Babakişiyevin “Füzuli və islam dəyərləri” mövzusunda məruzəsi dinlənilib. O, qeyd edib ki, Füzuli sənət dünyasında günəş kimi parlayıb, əsrlər boyu Azərbaycan və Yaxış Şərq şeirinin inkişaf yolunu işıqlandırmışdır. Qızılın sərrafı zərgər, mərcanın sərrafı qəvvas, sözün sərrafı isə Füzulidir. O, söz sənətinin mahir bir rəssamı, həm də söz xəzinəsinin qüdrətli bir hakimidir. Füzulini islam dəyərlərindən və Qurandan ayrı təsəvvür etmək mümkün deyildir. Məruzə ətrafında müzakirələrdə ziyalı Qorxmaz Atakişiyev, şair-qəzəlxan Tofiq Həsənli, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıxov, Aşağı Nüvədi qəsəbə məscidinin imamı Asəf Axundov, Kənarmeşə kənd Bağıroba məscidinin imamı Nadir Nabatov, Mərkəzin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov çıxış edərək Füzuli yaradıcılığı haqqında mülahizələrini bildiriblər. Tükəvilə kənd məscidinin imam müavini Famil Nəhmətov dahi şairin “Vətənimdir” qəzəlini muğam üstündə ifa edib. Elmi seminarda iştirak edən Lənkəran Dövlət Universitetinin tələbələrindən Sevinc Əlizadə, Zəhra Qədirova və Kənan Bağırzadənin sualları cavablandırılıb. Seminarı yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədova, onun kollektivinə və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.[media=https://www.youtube.com/shorts/F_nakc3JXBo?feature=share]
Facebook-da paylaş