Yenidən Moskvada olmağıma çox şadam.“Moskva mənim üçün doğma şəhərdir” - Mehriban Əliyeva

Azərbaycan və Rusiya arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir.
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir.
Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq istəyirəm. O, Sizinlə münasibətləri çox yüksək qiymətləndirir və Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verir. Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamizmini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm".
Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir: "Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il biz həmin göstəricinin artacağını gözləyirik.
Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir. Siz bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir.
Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}