İcma sədri: Bu gün dünya Qərbi azərbaycanlıların hüquqları barədə susmaqda davam edir
Bu gün bütün dünya Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin hüquqlarından danışır, lakin Qərbi azərbaycanlılar barədə yenə də susmaqda davam edir. Şəffaflıq.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli "Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması" mövzusunda keçirilən konfransda deyib. İcma sədri vurğulayıb ki, Ermənistandan gəlmiş qaçqınların əmlakı, mal-qarası, bağ-bağçasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında hesablanıb: "Qaçqın əhaliyə dəyən maddi ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. İctimai sektorda – kolxoz və sovxoz təsərrüfatlarında isə soydaşlarımıza dəyən ziyan 17,5 milyard ABŞ dolları təşkil edir. Beləliklə, 35 il əvvəl qaçqınlarımıza dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edib". Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması nəinki son 100 ildə, bütövlükdə, ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir: "İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir".
Facebook-da paylaş