Tibb Universitetinin məzunlarına cəza kəsildi: oğurladıqları pulla ətir və bahalı saat alıblar...

 

Aptekdən külli miqdarda pul oğurlamaqda ittiham edilən şəxslərə cəza kəsilib. Oğurlanan pulun taleyi müəmmalı olaraq qalıb.

Şəffaflıq.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda suçlanan 35 yaşlı Çingiz Xankişiyev, 26 yaşlı Amil Məmmədli və 28 yaşlı Əli İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Onlardan ikisi Azərbaycan Tibb Universitetinin məzunlarıdır.

İttihama görə, onlar “Murad Farm” şirkətinə daxil olan apteklərdən birindən 55 min manata yaxın pul oğurlayıblar. Amil və Əli oğurluq edilən aptekdə işləyiblər. Oğurluq planını quran zaman isə Çingizi də dəvət ediblər.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Şikayətləri və narazılıqları isə oğurlanan pulun məbləği ilə bağlıdır. Deyirlər ki, məbləğ şişirdilib.

Əli ifadəsində deyib ki, saxlanılan zaman onlardan 39 min 902 manat pul götürüldüyü qeyd edilib. Əli bildirib ki, oğurladıqları pulun bir qismini xərcləyiblər, onlardan alınan isə qeyd edilən məbləğdən çox olub. Onlar iddia edir ki, pulun bir hissəsini polis bölməsində götürüblər.

Təqsirləndirilən şəxslər pulun bir hissəsi ilə bahalı ətir, qol saatı aldıqlarını deyiblər. Əməllərindən peşman olan gənclər məhkəmədən onlara yüngül cəza verilməsini istəyiblər. Məhkəmə istintaqı başa çatdıqdan sonra gənclərə hökm oxunub.

Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunan Amil Məmmədliyə 6 il 6 ay, Çingiz Xankişiyevə 6 il, Əli Ismayılova isə 6 il həbs cəzası kəsilib. Hökmdə göstərilib ki, pulun bir hissəsinin polis bölməsində götürülməsi iddiası ilə bağlı xüsusi qərar çıxarılaraq Baş Prokurorluğa göndəriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}