Prezident seçkiləri: saat 10:00-dək 19,44 faiz seçici səs verib
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb. “Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib. Seçici fəallığı 19,44 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6493-dür. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır. Şəffaflıq.az
Facebook-da paylaş