Soyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir.
Soyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Şəffaflıq.az xəbər verir ki, Bakı Qızlar Universitetinin akt zalında təşkil olunmuş konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film izlənilmişdir. Giriş nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova konfrans iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri ta qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Daha sonra Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verildiyini qeyd edərək Kompleksin fəaliyyəti barədə də ətraflı məlumat vermişdir. Konfransda iştirak edən digər natiqlər - Bakı Qızlar Universitetinin “Tarix” fakedrasısının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent: Əzizağa Ələkbərli - “Heydər Əliyev və Türk dünyası", Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru, Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Cəfərova - " Heydər Əliyevin Azərbaycan ədəbiyyatının öyrənilməsi və təbliğində rolu", AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent: Elnur Kəlbizadə - “Heydər Əliyevin Qafqazdakı münaqişələrə yanaşması", AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev – “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent: Sübhan Talıblı – “Heydər Əliyev və Azərbaycan Respublikasının çoxtərəfli diplomatiyası”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli – : “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin sözçüsü Abutalib Turabov –““Heydər Əliyev və Azərbaycanın mədəniyyət siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılar sertifikatlarla təltif olunmuşlar.
Facebook-da paylaş