Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, müsabiqə qalibləri ilə yaxından tanış olan F.Əliyeva qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlar üçün nəzərdə tutulan özünüinkişaf və Mentorluq proqramından söz açıb. Qaliblərin müsabiqə haqqında təklif və fikirlərini dinləyən Fərəh Əliyeva səslənən təklifləri gələcəkdə tətbiq edilməsi üçün qiymətləndirəcəyini vurğulayıb. Fərəh Əliyeva qaliblərin təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb, gənclərin bu sahədə təşəbbüskarlıq göstərməsinin önəmini bildirib. Qaliblər isə öz növbəsində ölkənin inkişafı uğrunda əllərindən gələni etməyə hazır olduqlarını, sosial və ictimai fəaliyyətlərdə yaxından iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, üçüncü müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" qalibi elan olunan 22 iştirakçı bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər. Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Facebook-da paylaş