Ekvadorda altı həbsxanada qiyam: 50-dən çox mühafizəçi və polis girov götürülüb
Ekvadorun paytaxtı Kito dünən gecə qumbaraatan hücumları və iki bomba yüklü avtomobilin partladılması ilə sarsılıb. Bundan bir neçə saat sonra altı həbsxanada məhbuslar 57 həbsxana gözətçisini və polisi girov götürüblər. Bu barədə ölkədə yetkinlərin və yetkinlik yaşına çatmayanların cəza çəkməsi ilə məşğul olan xidmətdən məlumat verilib. Bildirilir ki, mühafizəçilər və polis əməkdaşları qadağan olunmuş əşyaları müsadirə etmək üçün hüquq-mühafizə orqanları əməkdaşlarının həbsxanalara daxil olmasına cavab olaraq, cinayətkar dəstələrin üzvləri tərəfindən girov götürülüblər. Agentlik, həmçinin Kitodakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada iğtişaş cəhdi barədə xəbər verib. Cinayətkarların hərəkətləri nəticəsində cəzaçəkmə müəssisəsində yanğın baş verib, zərərçəkənlər barədə məlumat yoxdur. Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. İyul ayında hakimiyyət eyni gündə baş verən bir neçə iğtişaşa görə ölkənin bütün həbsxanalarında 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Avqustun 10-da isə prezidentliyə namizəd Fernando Vilyavisensioya sui-qəsdlə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib. Şəffaflıq.az
Facebook-da paylaş