Ekvadorda koronavirusun yeni EG.5 ("eris") ştamına üç yoluxma faktı təsdiqlənib.
Ekvadorda koronavirusun yeni EG.5 ("eris") ştamına üç yoluxma faktı təsdiqlənib. Şəffaflıq.az “Prensa Latina” agentliyinə istinadən xəbər verir ki, virusa yoluxanların hamısı ölkənin şimalındakı Piçinça əyalətində yaşayır. Ekvador hakimiyyəti qonşu regionlarda qabaqlayıcı tədbirlər görür. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son altı həftə ərzində COVID-19-a yoluxma halları azalıb və təxminən üç həftə ərzində virusa yoluxma ilə bağlı ölüm halları qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "eris" ştamını nəzarət altında olan koronavirus variantları siyahısına əlavə edib. Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir. ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib. Ekvador hökuməti 2021-ci ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyondan çox insan tam peyvənd olunub ki, bu da əhalinin təxminən 80%-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan bəri 1 milyondan çox insan koronavirusa yoluxub, 36 min nəfər dünyasını dəyişib.
Facebook-da paylaş