Azərbaycan və İraq şəhərləri arasında birbaşa aviareyslərin açılması müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev və İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni iki ölkənin müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması məsələlərini müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı müzakirələr Bakıda səfərdə olan F.Husseyn iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
Facebook-da paylaş