Səfir: “Rumıniya Azərbaycanın strateji tərəfdaşıdır”


“Rumıniya Azərbaycanın Türkiyədən sonra ilk sırada yer alan strateji tərəfdaşıdır”.

APA xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare deyib.

Səfir bildirib ki, Rumıniya Avropa ölkələri içərisində Azərbaycanla strateji tərəfdaşlıq haqda sənəd imzalamağı təklif edən birinci ölkədir:

“Bu, 2009-cu ildə baş verib. Mən özüm də bu strateji tərəfdaşlıq müqaviləsinin mətninin müəlliflərindən biriyəm. 1991-ci ildə Rumıniya Türkiyədən bir neçə saat sonra Azərbaycanın müstəqilliyini tanıdı. Siyasi səviyyədə yaxşı münasibətlərimiz var. Enerji sektoru, mən deyərdim ki, əməkdaşlığımızın real və konkret nəticələri olan ən yaxşı istiqamətlərindən biridir. 

Bu ilin aprelindən etibarən milyard kubmetr Azərbaycan qazı Rumıniyaya axıb. Azərbaycandan maye qazın Gürcüstan vasitəsilə nəqli ilə bağlı layihə mövcuddur. “Yaşıl enerji” deyilən bərpa olunan enerji məsələsi artıq dəbdədir, aktualdır. Ötən il dekabrın 17-də Buxarestdə Gürcüstan, Azərbaycan və Macarıstanın prezidentləri, ölkələrin baş nazirləri səviyyəsində Xəzər dənizindən, yəni Azərbaycandan Avropaya yaşıl enerjinin, külək enerjisinin istehsalı və nəqli üzrə dördtərəfli saziş imzalanıb. Azərbaycan-Gürcüstan marşrutu ilə Qara dənizin altından kabel çəkiləcək. Bütün layihə təxminən 2,3 milyard dollar qiymətləndirilir. Hazırda, bu ilin noyabr ayına qədər biz layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrini gözləyirik. Əgər bizə lazım olan rəqəmlər əldə olunarsa, biz bu nəhəng layihəni həyata keçirəcəyik. Bu, Avropa ilə Qafqaz arasında ilk fiziki əlaqə olacaq. Bu, böyük fərq yaradacaq. 10-15 ildən sonra Avropada yəqin ki, hamı yaşıl enerjiyə keçəcək, Azərbaycan ağıllı qərar verib, Avropanı təkcə qazla təmin etməyəcək. Bu, Rumıniya vasitəsilə bərpa olunan enerjini vaxtında təmin etmək üçün gələcəyin, sabahın layihəsidir. Xəritəyə baxsanız görəcəksiniz ki, Azərbaycan və Rumıniya ən əlverişli yerdə yerləşir. Bu, Bakıdan keçən Avropa-Qafqaz-Mərkəzi Asiya xətti olacaq. Ona görə də üzərində işlədiyimiz üçüncü və dördüncü komponentlər nəqliyyat və logistika olacaq. Bakı və Konstansanı birləşdirəcək strateji, iqtisadi və maliyyə həllərini tapmaq, nəqliyyat və logistika sektorunda əlaqə yaratmaq üçün işlər görürük. Orta Dəhliz (Middle Corridor) Orta Asiyanı Avropa ilə birləşdirəcək və bütün bu yollar yalnız Azərbaycandan keçəcək. Yəni, Rumıniya və Azərbaycanın müzakirə etməsi üçün bir çox məsələlər var və təsadüfi deyil ki, 2009-cu ildə biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. O zaman xəritəyə baxanda Azərbaycanla real işlərin görüləcəyinə dair bizdə təsəvvür yaranmışdı”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}