Riyakar demokrat: Paşinyanın ikiüzlülüyü - ŞƏRH


Ermənistan hakimiyyəti Qərblə Rusiya arasında vurnuxur. Bu ölkənin siyasi hakimiyyətinin regional hadisələrə, xüsusən Azərbaycanla münasibətlərin normallaşmasına konkret baxışı və mövqeyi yoxdur. Bu, rəsmi İrəvanın ardıcıl siyasət yürütmədiyinin göstəricisidir. Ermənistanın belə mövqeyi Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyi təhdid edir.

Rəsmi İrəvan ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşlərdə onların xoşuna gəlməyə çalışır, Moskvada isə Rusiyanın yanında olduqlarını açıqlamaqla ikiüzlülük göstərir. Bu, saxtakarlıqla yanaşı, həm də riyakarlıqdır.

Nikol Paşinyan Moskvaya səfəri və verdiyi açıqlamaları ilə yenidən məlum ikiüzlü, riyakar xislətini gizlətməyib.

Rusiya Prezidenti Vladimir Putinlə iyunun 9-da Soçidə keçirdiyi görüşdə Ermənistan lideri yenə yalan danışaraq, qarşı tərəfə saxta məlumat verib. Paşinyan bildirib ki, Laçın yolu “bağlanıb”, Azərbaycanın Qarabağ iqtisadi rayonunda “ermənilərin vəziyyəti ağırdır” və s.

Əvvəla, qeyd etmək lazımdır ki, V.Putinin Qarabağ iqtisadi rayonundakı vəziyyətlə bağlı məlumatı Paşinyandan almasına ehtiyac yoxdur.

Çünki ərazidə Rusiyanın sülhməramlı qüvvələri var. Yol bağlıdırsa, o zaman sülhməramlılar ərzağı hansı yolla daşıyırlar?

Nikol Paşinyan qarşı tərəfə bu kimi saxta məlumatlar ötürməklə rəsmi Moskva ilə Azərbaycan arasında etibarsızlıq yaratmağa da səy edir.

Bu, ənənəvi erməni xislətidir. Nikol Paşinyan beş illik hakimiyyəti dövründə bunu dəfələrlə nümayiş etdirib.

O, Qərb blokunun liderləri ilə görüşlərdə demokratiyadan danışır, özünü sülhsevər göstərir. Moskvaya və ya Federasiyanın başqa şəhərlərinə səfəri zaman isə Rusiyaya yaltaqlanır. Paşinyan mayın 9-da Moskvadakı parada qatılıb. Onun ardınca Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi İcmasının sammitində iştirak edib.

Moldovadan qayıdandan sonra Soçiyə gedib. Orada özünün yenidən “Rusiyaya sədaqətli” olduğunu göstərməyə cəhdlər edib. Bu zaman o, yalan danışıb, yaltaqlıq etməyi özünə sığışdırıb.

Ehtimal etmək olar ki, o, bu səfəri ilə həm də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi üçün hazırlıq görürmüş... (Sadəcə, iyunun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundu təxirə salındı).

Nikol Paşinyan və onun komandası Qərblə Rusiya arasında riyakarcasına manevr etdikcə Azərbaycanla münasibətlərin normallaşması gecikəcək. Deməli, regionda sülhün yaranmasına, əməkdaşlığın reallaşmasına zərbə dəyəcək.

“Report” İnformasiya Agentliyi

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}