Ermənistanın terrorlarına susanların “ədalət”i Ukraynada üzə çıxır - ŞƏRH
Ukraynadakı Kaxovka Su Elektrik Stansiyası (SES) partladıldı, Moskva ilə Kiyev hadisəyə görə bir-birini ittiham etsələr də, partlayışın arxasında Rusiyanın dayandığı gün kimi aydındır. SES dağıdılıb, böyük ərazilər, kəndlər su altında qalıb, fəlakətin miqyasının genişlənəcəyi proqnozlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı günahlandırıb və Nova Kaxovkadakı bəndin dağıdılmasından sonra 80 şəhər və kəndin su altında qala biləcəyini deyib. Xersonda suyun səviyyəsi beş metrdən çox qalxıb, vəziyyət kritikdir, təhlükənin davam edəcəyi gözlənilir. Beləliklə, Dnepr çayı boyunca aşağı axarlarda yerləşən şəhər və qəsəbələri tamamilə və ya qismən su basır. Beynəlxalq ictimaiyyət haqlı olaraq Rusiyanı bəşəriyyət üçün fəlakət törətməkdə ittiham edir. Ancaq yenə də ikili standartlar üzə çıxır. Nədənsə Ukrayna məsələsində ən xırda detaldan ən böyük nəsnəyə qədər hər şeyə fikir verən Qərb eyni halla Azərbaycan üzləşəndə susqun davranıb. Azərbaycan terrorun bütün növlərinə məruz qalıb, onun şəhərləri, kəndləri, qəsəbələri, təbii sərvətləri, mədəniyyət abidələri, dini abidələri Birinci Qarabağ müharibəsi zamanı dağıdılıb, talan edilib, yerlə bir edilib. Bu vandallıqların müəllifi isə Ermənistandır. Terrora münasibətdə niyə axı Azərbaycanın xeyrinə bir dənə də siyasi bəyanat səslənməyib?! Öyrəncəliyik, Ermənistanın müharibə cinayətlərinə, mülki əhaliyə tutduğu divana, törətdiyi Xocalı soyqırımına göz yuman beynəlxalq ictimaiyyət, təbii ki, İrəvanın regional fəlakət yaratmasına da səssiz qalacaq. Ancaq qalmalı deyillər, indi Rusiyanı mühakimə etdikləri kimi, Ermənistanı da “dar ağacı”na çəkməlidirlər. Ermənistan müharibə cinayətlərinə aid nə varsa, hamısını Azərbaycana qarşı edib. Barbar şəkildə, insanlıqdan çıxıb yırtıcıya çevrilmiş məxluq səviyyəsində. Oxçuçayı çirkləndirib, Azərbaycanın indi dirçəltdiyi Qarabağ və Şərqi Zəngəzurdakı meşələri vaxtilə yandırıb, külə çevirib, daşı daş üstündə qoymayıb. Onun cinayət əməllərində ekoloji terrorlar da yer alıb. 44 günlük Vətən müharibəsində də Ermənistan öz əməllərindən çəkinməyib. Əvvəllər Ermənistan hərbi-siyasi komandanlığı Mingəçevir su anbarını dağıtmaqla bağlı hədələr səsləndirib, 44 günlük müharibədə isə həmin əraziyə raketlər atıb, amma onlar zərərsizləşdirilib. Bu da son deyil, hələ cəbhə xəttindən kənarda yerləşən ərazilərə raket hücumları da olub. Nədənsə həmin zaman beynəlxalq ictimaiyyət Ermənistana yerini göstərmədi. Ayıblarına kor olmaq əvəzinə, ikitirəli mövqe sərgilədi. Eyni mövqe indi də ortadadır. Kaxovka su anbarına görə səsini çıxaranlar nədənsə Sərsəng su anbarı ilə bağlı mövqe bildirmirlər. Ukraynaya bütün səviyyələrdə dəstək verən beynəlxalq təşkilatlar, Qərb dövlətləri Sərsəng su anbarının qurudulması cəhdləri ilə bağlı fikir bildirməkdən qaçırlar. Ədalət anlayışı birtərəfli olmalı deyil. Ədalət prinsipdir və bütün ədalətsizliyə məruz qalanların müdafiəçisi qismində olmalıdır. Ancaq nə etmək olar, ədalət anlayışını təhrif edirlər, terroru belə, siyasi maraqlara görə təsnif edirlər. Aqil Vəlili Şəffaflıq.az
Facebook-da paylaş