Sınağa çəkilən Ermənistan: Andlara və vədlərə əməl etmək zamanı - ŞƏRH + FOTO


Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə daha bir tarixi danışıq oldu.

Mayın 1-dən 4-dək ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar baş tutub. Səfər çərçivəsində nazirlər ABŞ-nin dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Görüşün nəticəsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, C.Bayramovla A.Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda tərəflər bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Antoni Blinken isə görüşün nəticələri barədə bunları deyib: “Bu sazişin əldə olunması tarixi olmaqla yanaşı, həm Azərbaycan, həm də Ermənistan xalqının maraqlarına uyğun olacaq və bunun müsbət təsiri hətta hər iki ölkədən kənarda belə hiss ediləcək gücə malik olacaq”.

O, sülhün əldə edilməsi üçün hər iki ölkəyə dəstəyi davam edəcəklərini vurğulayıb. Görüşə dair yekun sənəd imzalanmasa da, ABŞ rəsmisinin çıxışına əsaslansaq, o zaman sülh müqaviləsinin imzalanacağı qənaətinə gəlmək olar. Onun sazişin əldə edilməsinin Azərbaycan və Ermənistandan kənarda da hiss ediləcək gücə malik olacağını deməsi, sənədin Cənubi Qafqazda maraqları olan gücləri də razı salacağını ehtimal etməyə əsas verir.

Ermənistan baş naziri Nikol Paşinyanın Çex Respublikasına səfəri zamanı Azərbaycana qarşı irəli sürdüyü əsassız tələblər, böhtan dolu ittihamlar, habelə ölkə parlamentinin sədri Alen Simonyanın Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında etdiyi çıxış rəsmi İrəvanın hələ də sülh razılaşmasını imzalamaqdan uzaq olduğu qənaətinə gəlməyə əsas verir.

Ermənistan KİV-də ölkə rəsmilərindən bu məsələdə geri qalmırlar. Rəsmi İrəvana yaxın olan media Vaşinqton görüşü ilə bağlı ənənəvi qərəzli çıxışları davam etdirib.

Vaşinqton görüşü bir daha sübut etdi ki, rəsmi İrəvan danışıqlar prosesini Ermənistan üçün daha əlverişli vəziyyət yarananadək uzatmaq istəyir. Bundan başqa bu və əvvəlki görüşlərə əsasən, demək olar ki, məsələ ilə bağlı 3 beynəlxalq mövqe var: ABŞ, Avropa İttifaqı və Rusiya. Bu üçlük Azərbaycan torpaqları işğal altında olanda da ortaq mövqe sərgiləyə bilmir, bölgənin Ermənistan və havadarları tərəfindən işğalına göz yumur, ərazinin təbii sərvətlərinin talan olunmasını, müxtəlif tikililərin, habelə tarixi, dini, mədəni abidələrin dağıdılmasını görməzlikdən gəlirdi.

İndi də bu üçlük ayrı-ayrılıqda məsələyə vasitəçiliyi üzərinə götürməyə səy edir. Qarşıda Avropa İttifaqının təşkil edəcəyi Kişineu və Rusiyanın təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan Moskva görüşləri var.

Bu danışıqlarda Bakı və İrəvan arasında yekun sənəd imzalana bilərmi?

Bu, 5 tərəfi - Azərbaycan, Ermənistan, ABŞ, Avropa İttifaqı və Rusiyanı da qane edəcəyi halda mümkündür. Nikol Paşinyan danışıqlar getdiyi zaman bildirmişdi ki, sülh müqaviləsi iyunun 1-dək imzalansa, çox şad olar. O, bununla Ermənistanı sülhsevər və xoşməramlı və s. göstərməyə cəhd edib. Bununla da sivil dünyanın gözündən pərdə asıb, işğalçı və Cənubi Qafqazda pozuculuq fəaliyyətlərini, təhlükəsizliyi təhdid etmələrini gizlətməyə çalışıb.

Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda qeyd edib ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olub.

İndi regionda fərqli şərait yaranıb. Çin-Qazaxıstan sərhədindən başlayan Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanacaq, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat Orta Dəhliz marşrut layihəsi ortadadır. Bu kimi qlobal əhəmiyyətli layihələr də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini göstərir. Odur ki, Ermənistan and və vədlərinə əməl etməlidir. Əks halda ötən 30 ildə olduğu kimi bütün regional layihələr yenə onlardan yan keçəcək. Ona görə də Ermənistan və ermənilərin sülhə qarşı çıxmazdan, yaxud şərt irəli sürməzdən əvvəl iki dəfə fikirləşməyə məcbur olacaqları qaçılmazdır. Hələ ki, bu görüşlərin nəticəsi Kemp-Devidə oxşamır, ancaq sülh müqaviləsinin imzalanmasından başqa yol da görünmür.

 “Report” İnformasiya Agentliyi

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}