Bayden administrasiyası Sudandakı əməkdaşlarını təxliyə etməyə hazırlaşır
ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ hökumət işçilərinin Sudandan təxliyə edilməsi barədə düşünür.
Bu barədə təxliyə planı ilə tanış olan mənbə məlumat verib.
Onun sözlərinə görə, Sudanda səfirliyin himayəsi altında çalışan onlarla ABŞ vətəndaşının ölkədən çıxarılması nəzərdə tutulur.
Bundan əlavə Pentaqon bildirib ki, ABŞ bölgəyə əlavə qoşunlar göndərir və bu qoşunların lazım gələrsə təxliyə prosesində iştirakı planlaşdırılır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel təxliyə məsələsi ilə bağlı açıqlama verib. “Biz məsələni ciddi nəzarətdə saxlayırıq və yerində dəyərləndirmə aparırıq, lakin yekun qərar hələ qəbul edilməyib”, - deyə o qeyd edib.
Məlumata görə, hazırda Sudanda 16 000-dən çox amerikalı yaşayır ki, onlardan da 500-ü artıq səfirliyə müraciət edib, 55-i isə evakuasiya üçün dəvət alıb.
Mənbə: NBC
Şəffaflıq.az
Facebook-da paylaş