Etiraz edən institut əməkdaşlarına PHŞ və nazirlikdən CAVAB - YENİLƏNİB + FOTO
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutuna yer ayrılmaması ilə bağlı əməkdaşların narazılığı barədə yayılan xəbərlərə münasibət bildirib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ Elm və Təhsil Nazirliyinin nəzarətindədir: “Dendrologiya İnstitutunun hüquqi statusuna edilən müvafiq dəyişiklikdən sonra qurumun bütün əməkdaşlarının əməkhaqqıları vaxtında ödənilir. Dendrologiya İnstitutuna yeni ərazinin ayrılması nazirlik tərəfindən hazırda müzakirə olunur. Yaxın vaxtda problem həllini tapacaq”. 11:43 “Dendrologiya bağı” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının narazılığı barədə açıqlama verilib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə “Dendrologiya bağı” publik hüquqi şəxs yaradılıb: “Belə ki, Dendrologiya İnstitutunun balansında olan Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazi və dövlət əmlakı “Dendrologiya bağı” publik hüquqi şəxsin balansına daxil olub. Dendrologiya İnstitutunun əməkdaşlarına gəldikdə isə onlar tabeçiliyində olduqları Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq yerləşdirilmə prosesi başa çatana kimi müvəqqəti olaraq “Dendrologiya bağı” publik hüquqi şəxsin ərazisində, ona məxsus binada yerləşdiriliblər”. Məsələ barədə Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq. 10:12 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları narazıdırlar. Onların sözlərinə görə, “Dendrologiya Bağı” publik hüquqi şəxs statusunu aldıqdan sonra bir sıra problemlə üzləşiblər: Vəziyyət o yerə gəlib çatıb ki, institutda illər boyu elmi fəaliyyətlə məşğul olan görkəmli elm əməkdaşları təhdid edilirlər. Bütün elmi tədqiqat avadanlıqlarının əlimizdən alınacağı, institutu bağlatdıracaqları ilə bağlı məlumatlar verilir”. Qeyd edək ki, zəngin tarixə malik Dendrologiya İnstitutu 1924-1926-ci illərdə akademik Nikolay İvanoviç Vavilovun təşəbbüsü ilə Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialının tərkibində yaradılıb. 1966-96-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun strukturuna daxil olub. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi, Biologiya və Tibb Elmləri Bölməsinə tabe edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli, 104 saylı qərarına əsasən, Mərdəkan Dendrarisinə AMEA-nın Dendrologiya İnstitutu hüquqi statusu verilib. “İnstitutun müasir avadanlıqlarla təchiz edilmiş səkkiz laboratoriyasının əməkdaşları tərəfindən, Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində monitorinqlər aparılır, Azərbaycan dendroflorasının müasir vəziyyəti öyrənilir, işğaldan azad olunmuş ərazilərdə tədqiqat işlərinin aparılması üçün müxtəlif mövzular üzrə mərhələlər hazırlanır, ekosistemin bərpası, bitkilərin ekoloji-coğrafi təhlili, iqlim dəyişkənliyinin və antropogen amillərin təsiri nəticəsində bitkilərin areallarının dəyişmə səbəbləri araşdırılır. Dendrologiya İnstitutunda MDB ölkələri Beynəlxalq Botanika Bağları Cəmiyyətinin III Qurultayı və altı Beynəlxalq elmi konfrans (2006, 2010, 2013, 2015, 2017, 2022) keçirilib. Hazırda Dendrologiya İnstitutu 30-a yaxın nüfuzlu Beynəlxalq Elmi Cəmiyyətlərlə, elmi-tədqiqat institutları və ali təhsil ocaqları ilə imzalanmış elmi-texniki əməkdaşlıq müqavilələri əsasında birgə elmi-tədqiqat işlərini davam etdirir. Dünyanın müxtəlif botanika bağları və institutları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində toxum mübadiləsi edilir, flora zənginliyi artırılır. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilmişdi. Əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq. İlhamə Əbülfət
Facebook-da paylaş