Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Şəffaflıq.az xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş edib. Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlət başçısına təşəkkürünü bildirib. Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini deyib. Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini deyib və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb. Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlət başçısı bu ilin sonunda Azərbaycanın Hərəkata sədrliyinin başa çatacağını bildirib və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib. Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.
Facebook-da paylaş