Türkiyədə bir gündə iki güclü zəlzələ: Yaralıların sayı 110 nəfərə çatdı - YENİLƏNİB + FOTO/VİDEO
“Malatyada baş verən güclü zəlzələdə 29 bina dağılıb. Təəssüflər olsun ki, 1 vətəndaşımız həlak olub, 110 yaralı var”. Bu barədə AFAD rəhbəri Yunus Sezər bəyan edib. Onun sözlərinə görə, xəsarət alanlar xəstəxanaya müraciət ediblər. “Malatya və ətraf şəhərlərdən cəlb etdiyimiz axtarış-xilasetmə heyətimizlə birlikdə 657 nəfərlik qrup axtarış-xilasetmə işlərini aktiv şəkildə davam etdirir. Hazırda axtarış apardığımız 2 binamız var. Dağıntılar altından 32 vətəndaşımız xilas edilib”, - deyə o bildirib. 16:04 Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələdə binaların çökməsi anbaan kameralara düşüb. Ümumi şəhər mənzərəsinin əks olunduğu görüntülərdə onlarla binanın dağılması əks olunub. Hadisə şahidləri zəlzələyə görə çökən binalardan birinin dağıntıları altında yanğınsöndürmə xidmətinin maşınının olduğunu bildiriblər. Kadrlarda həmçinin ayrı-ayrı binaların çökmə anı əks olunub. Həmin görüntüləri təqdim edirik: 14:39 Malatyada baş verən 5,6 maqnitudalı zəlzələ zamanı 1 nəfər həlak olub, 69 nəfər yaralanıb. Bununla bağlı AFAD rəhbəri Yunus Sezer məlumat verib. Türkiyənin vitse-prezidenti Fuat Oktay baş verənlərlə əlaqədar təbii fəlakətdən zərər çəkən bütün sakinlərə şəfa diləyib. O, həmçinin sakinlərdən zədəli binalardan uzaq durmalarını istəyib və bildirib ki, xilasetmə heyəti axtarışları davam etdirir. Türkiyənin milli təhsil naziri Mahmut Özer isə deyib ki, zəlzələ zamanı azı 22 bina dağılıb. Mənbə: CNN 13:17 Türkiyənin Malatya bölgəsində 5,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Yeşilyurt rayonunda yerli vaxtla 12:04-də qeydə alınan təkanların dərinliyi 6.97 km olub. 08:40 Türkiyədə Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub. Yeraltı təkanlar yerli vaxtla saat 05:51-də, yerin 8,51 kilometr dərinliyində olub. İlkin məlumatlara görə, ciddi dağıntılar qeydə alınmayıb. Xilasetmə qrupları ərazidə araşdırmalarını davam etdirirlər. Mənbə: TRT Haber Şəffaflıq.az
Facebook-da paylaş