Ceyhun Bayramov: "Azərbaycan və NATO arasında davamlı siyasi dialoq müxtəlif sahələrdə əməkdaşlığa töhfə verir"
Azərbaycan və NATO arasında davamlı siyasi dialoq müxtəlif sahələrdə əməkdaşlığa töhfə verir. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 yanvar 2023-cü il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüşündə deyib. Görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq məsələlər, Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Nazir Azərbaycan və NATO arasında davamlı siyasi dialoqun müxtəlif sahələrdə əməkdaşlığa töhfə verdiyini qeyd edib. Beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən bir ölkə kimi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirakının tərəfimizdən bu sahədə əməkdaşlığa verilən əhəmiyyətin təcəssümü olduğu diqqətə çatdırılıb. C.Bayramov, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mina təhdidinin davam etdirilməsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, guya Azərbaycan ərazilərindəki erməni sakinlərinin blokadaya alınması, vəziyyətin humanitar böhran səviyyəsinə çatması ilə bağlı əsassız iddiaların həqiqəti əks etdirmədiyini və bu addımların 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə faktlarını pərdələməkdən, sülh gündəliyi üzrə danışıqlara xələl gətirməkdən başqa bir şey olmadığını diqqətə çatdırıb. Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycanın danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazır olduğunu bəyan etdiyi və sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğu bildirilib. Xüsusi nümayəndə Xavyer Kolomina, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Azərbaycanın NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakını məmnunluqla qeyd edən xüsusi nümayəndə, Azərbaycan sülhməramlılarının Kabul beynəlxalq hava limanında təxliyyə işlərində əhəmiyyətli rol oynadığını vurğulayıb. Azərbaycan və NATO arasında digər sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi, təhsil və s. sahələrdə əməkdaşlığın aparıldığı məmnunluqla qeyd edilib. Bölgədə gərginliyin mövcudluğunun narahatlıq doğurduğu, bu xüsusda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Facebook-da paylaş