Bu il "Qırmızı kitab”ın III nəşri çap ediləcək
Bu il "Qırmızı kitab”ın III nəşri çap ediləcək. Şəffaflıq.az xəbər verir ki, bunu AMEA vitse-prezidenti akademik İradə Hüseynova deyib. O bildirib ki, “Qırmızı kitab”ın III nəşri Prezidentin “Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb: "Azərbaycan Respublikasının "Qırmızı kitabı"nın I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün III nəşrə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib. "Qırmızı kitab"ın II nəşri 330 növü, o cümlədən 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. “Qırmızı kitab”ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən “Qırmızı kitab”a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. “Qırmızı kitab”ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir". Vitse-prezident "Qırmızı kıtab"ın I nəşrinə 108 növ heyvan adı daxil edildiyini vurğulayıb: "Onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. "Qırmızı kitab"ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxıl edilib. II nəşrə həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. “Qırmızı kitab”ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin kitabdakı sıralanması müəyyənləşdirilib". İ.Hüseynova qeyd edib ki, Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib: "Qırmızı kitabı"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və "Qırmızı kitab"ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz "Qırmızı kitab"la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır".
Facebook-da paylaş