“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”
“Digər iştirakçılar kimi, bizim də məqsədimiz kuboku qazanmaqdır”. Bunu “Report”a müsahibəsində “Qəbələ”nin futbolçusu İsnik Alimi Azərbaycan Kubokundakı şanslarını dəyərləndirərkən deyib. Şimali makedoniyalı yarımmüdafiəçi 1/4 final mərhələsində turnirin son qalibi “Qarabağ”ı üstələdiklərini xatırladıb və növbəti hədəflərinin finala adlamaq olduğunu əlavə edib: “Qarabağ”a qarşı oyunlarda çox enerji sərf etdik. Çətin olsa da, mərhələ adlamağı bacardıq. Kubok görüşləri çox çətin olur. İndi ilk hədəfimiz finala adlamaqdır. Bunun üçün yarımfinalda “Səbail”i məğlub etməliyik”. Alimi Premyer Liqada ilk yarıdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmalarına baxmayaraq, hələ də 3-cü yerə şanslarının qaldığını düşünür: “Premyer Liqada hələ çox oyun var. Fikrimcə, çempionatda ilk “üçlüy”ə düşə bilərik. Amma bunun üçün qarşıdakı görüşlərdə daha çox qələbə qazanmaq lazımdır”. Qeyd edək ki, “Qəbələ” ilə “Səbail” arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları 2023-cü il aprelin 19-da və 27-də keçiriləcək. İsnik Aliminin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz. Şəffaflıq.az
Facebook-da paylaş