“Arutyunyan, Vardanyan və Makron sərvətlərimizi talan etmək istəyirsə, bilsinlər ki, o günlər arxada qaldı” - RƏY
“Arutyunyan, Vardanyan və Makron sərvətlərimizi talan etmək istəyirsə, bilsinlər ki, o günlər arxada qaldı”. Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev “Report”a deyib. “Fransa Prezidentinin Qarabağa beynəlxalq humanitar təşkilatların göndərilməsi çağırışı Ermənistanı düşdüyü dərin böhrandan, geosiyasi dalandan çıxarmaq üçün növbəti cəhddir. Makronun belə həmlələri artıq heç kimdə təəccüb doğurmur. 44 günlük müharibənin ilk günlərindən nə qədər çalışır, arzuladığı nəticə yoxdur və olmayacaq”, - E.Allahverdiyev bildirib. Millət vəkilinin sözlərinə görə, Makronun əsas niyyəti Cənubi Qafqazda Fransaya yer etmək, daha dəqiqi isə Ermənistanda möhkəmlənməkdir: “Biz bilirik ki, indi Ermənistan uğrunda savaş gedir. Makron bir tərəfdən, İrəvana xüsusi xidmət orqanlarının rəhbərlərini göndərən dövlətlər digər tərəfdən. Onların gözləntiləri odur ki, zəifləyən və bölgədən tədricən çəkilən Rusiyadan miras qalan Ermənistan kimin olacaq. Lakin Makron bilməlidir ki, Azərbaycan torpaqlarından bir qarış belə pay olmaz. Niyyətlərini Qarabağ hesabına reallaşdırmağı düşünürlərsə, yanılırlar. Makron ermənilərə kömək etmək istəyirsə, Ermənistana iqtisadi yardımlar etsin, acından ölürlər. Fransanın bunun üçün imkanları var, ermənilər isə yardımla yaşamağa öyrəniblər”. E.Allahverdiyev hesab edir ki, Fransa parlamentinin hər iki palatasında Azərbaycana münasibətdə açıq düşmənçilik sayılan qətnamələrin qəbul edilməsi ilə Paris özünü dalana dirəyib, bölgədə öz əl-qolunu bağlayıb: “Makron bundan sonra bizə nə edə bilər? Müharibənin ilk günlərində Minsk qrupunun həmsədri ola-ola dedi ki, Qarabağın Azərbaycanın nəzarətinə keçməsi ilə barışa bilmərik. Parlamentdəki oyunlardan hamımız məlumatlıyıq. Özünü Şarl Mişelin moderatorluğu ilə keçirilən danışıqlara pərçimləməklə gedişata nəzarət edəcəyini düşünürdü, nəticə isə bəllidir". Deputatın fikrincə, Qarabağın sülhməramlıların məsuliyyətində olan hissəsində humanitar böhranın olması barədə iddia cəfəngdir: “Bütün dünya qəbul edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dövlətimiz dəfələrlə rəsmi şəkildə bəyan edib ki, orada yaşayan erməni əhalinin hansı problemi varsa, həll etməyə hazırdır. Bir qrup separatçı erməniəsilli əhali demək deyil. Bütün dünyaya car çəkilən “humanitar böhran” əhalinin deyil, həmin separatçıların hədəfidir”. E.Allahverdiyev vurğulayıb ki, beynəlxalq humanitar missiyanın hər hansı ölkəyə gəlməsi üçün həmin dövlətin razılığı olmalıdır və Makron da bundan xəbərdar olmamış deyil: “Makron qapıdan qovulub pəncərədən evə soxulan uşaqlara bənzəyir. Bu inadkarlıq xalqımızın leksikonunda başqa sözlə də ifadə olunur. Cənab Prezident yaxşı dedi, bu zənglərə, bəyanatlara çox fikir vermək lazım deyil. Xankəndidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi var. Hamı görür ki, bu təşkilat vasitəsilə lazımi işlər görülür. Humanitar məqsədlər üçün yol açıqdır. İndi oradan keçməyə qorxurlarsa, bu artıq başqa məsələdir". Şəffaflıq.az
Facebook-da paylaş