ABŞ üç İranın rəsmisinə sanksiya tətbiq edib
ABŞ rəhbərliyi İranda etirazların yatırılması ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) və İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri ilə əlaqəli üç iranlı məmura qarşı sanksiyalar tətbiq edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə noyabrın 23-də ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran rejiminin ölkədəki etiraz aksiyalarına qarşı davam edən repressiyaları ilə əlaqədar İranın təhlükəsizlik orqanlarının 3 məmuruna sanksiyalar siyahısına əlavə edir”, - mətndə vurğulanıb. Məhdudiyyətlərin ABŞ Prezidenti Cozef Baydenin “İranla bağlı ciddi insan haqları pozuntularına yol vermiş şəxslərə” qarşı sanksiyaları nəzərdə tutan fərmanı çərçivəsində tətbiq edildiyi vurğulanıb. Siyahıya İranın Kürdüstan əyalətinin inzibati mərkəzi olan Sənəndəc şəhərinin regional hakimiyyət orqanlarının nümayəndələri Həsən Əsgəri və Əlirza Moradi daxil edilib. Qərbi Azərbaycan əyaləti və Məhabad şəhərinin hakimiyyətinin nümayəndəsi Məhəmməd Osanluya da sanksiya tətbiq edilib. Sənəddə qeyd edilib ki, onların hamısı İİKK və ya İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri ilə əlaqəlidir: “Bu gün barələrində sanksiya tətbiq edilən şəxslər artıq sanksiyalar tətbiq edilən bu təşkilatların maraqları naminə hərəkət edib və ya hərəkət etdiyi güman edilir”.“Report”
Facebook-da paylaş