İran etirazlarından dəhşətli xəbərlər: ölənlərin sayı 200-dən çoxdur - Evlərin damından, vertolyotlardan atəş açıblar...
Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib. Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.
İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.
"Amnesty International" tərəfindən araşdırılmış video görüntülərdə snayperlərin insan kütlələrinə damlardan və bir halda helikopterdən atış açıldığı göstərilir. Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə və İnternet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb.
"Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir" -deyə, Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter bildirib.
"Etirazçıların az bir qismi zorakılığa əl atsa da, polis həmişə təmkinli olmalı və üzləşdikləri zorakılığa cavab olaraq mütləq, mütənasib və qanuni olduğundan artıq güc tətbiq etməməlidir. Bir neçə şəxs tərəfindən zorakılıq geniş yayılmış düşüncəsiz reaksiya verməyə əsas vermir” - Filip Luter bildirib.
İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər açıqladıqları bəyanatlarda etirazçıları “yaramaz” adlandırıb və təhlükəsizlik qüvvələrinə nümayişləri dağıtmaq üçün yaşıl işıq veriblər.
Xəbərlərə görə son etirazlarla bağlı İran təhlükəsizlik qüvvələri və xüsusi xidmət orqanları ölkə boyu həbslər aparır. Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş saxlanılıb.
Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər. Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları “düşmən agentləri” adlandırıb.
“Tasnim” agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib. Purməhəmmədi tutulanların bir çoxunun “yerli olmadığını” irəli sürüb.
“Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır,”- vali bildirib.
Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib.
Etiraz aksiyalarının polis və hərbi qüvvələr vasitəsilə yatırılmasının ardınca, noyabrın 19-da Təbrizdə hakimiyyətyönlü yürüş təşkil edilib. Yürüşə qatılanlar qarşısında nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim etiraz aksiyalarını “fitnə” adlandırıb.İranın dövlət agentliyi İRNA ali dini liderini sevən bir qrupun kəfən geyərək Təbrizdəki yürüşə qatıldığını bildirib.
Noyabrın 18-də Zəncanda təşkil olunan hakimiyyətyönlü yürüşə isə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.
Habelə azərbaycanlı fəal Siyamək Seyfinin noyabrın 18-də axşam radələrində yaşadığı Meşkinşəhr şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir. “Amerikanın Səsi”nin əldə etdiyi məlumata əsasən, türk fəal Siyamək Seyfi sakin olduğu məhəllədə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 11 nömrəli polis qərargahına aparılıb.
Şahidlərin dediyinə görə, Siyamək Seyfi bir gecə polis həbsxanasında saxlanıldıqdan sonra İran vaxtı ilə günorta saat 2-də məhkəməyə götürülüb və oradan Ərdəbil Ettelaat İdarəsinin həbsxanasına köçürülüb. Ərdəbil şəhərinin sakini olan digər milli fəal Meysəm Colani isə bazar günü noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum yerə aparılıb.
Benzinin bahalaşmasına etiraz olaraq başlayan və sürətlə bütün ölkəyə yayılan, toqquşmalarla müşaiyət olunan aksiyalara görə İranda bloklanan internet də hələ açılmayıb. İran dörd gündür internetsizdir və nəticədə İran Azərbaycanında baş verən hadisələr haqqında məlumat əldə etmək də çətinləşib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları bürosu İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsi ilə bağlı dərin narahatlığını bildirib. BMT-nin İnsan Hüquqları Bürosu çərşənbə axşamı günü İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı döyüş güllələrindən istifadə etməsindən dərin narahatlığını ifadə edərək, hakimiyyəti yanacaq qiymətinin artmasına səbəb olan etirazları dağıtmaq üçün güc tətbiq etməkdən imtina etməyə çağırıb.
BMT-nin insan Hüquqları bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış internet xidmətlərini bərpa etməyə və etirazçıların ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tanımağa çağırıb. O həmçinin deyib ki, Birləşmiş Millətlər Təşkilatının əldə etdiyi məlumatlara görə, İranda etirazlar əsnasında onlarla insan həyatını itirib. O, Cenevrədə keçirilən brifinqdə itkilərin miqyasının "çox ciddi" olduğunu əlavə edib.
ABŞ dövlət katibi Maykl Pompeo da İran hakimiyyətini xalqa qarşı güc tətbiqini dayandırmağa çağırıb. "Biz bu rejimin İran xalqına qarşı törətdiyi hər hansı bir zorakılıq hərəkətini qınayırıq və bir neçə ölüm hadisəsi ilə əlaqədar narahatlıq keçiririk. İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq internet əldə etmək imkanlarını dərhal bərpa etməlidir. Dünya baxır»,-ABŞ dövlət katibi bildirib.
Londonda yerləşən NetBlocks internet müşahidəsi idarəsinin direktoru Alp Toker Amerikanın Səsinə bildirib ki, İranda internetin blokalanması veb səhifələrinə çıxışı qeyri-mümkün edib.
"Bu, əslində qaranlığa yaxınlıqdır. Ölkədən kənarda bir neçə internet marşrutu var, amma bunlar hazırda çox texniki olduqlarına görə insanların əksəriyyəti üçün bu tədbirləri aşmaq praktiki deyil. Texniki cəhətdən fərasətli iranlılar mobil cihazdan çox sabit bir xətt və ya genişzolaqlı bağlantıdan istifadə edərək internet əldə edə bilər", -Toker əlavə edib.
İnternetin kəsilməsi iranlıların etirazların şəkilləri və videolarını paylaşmasına çətinlik yaradıb.
İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.
İranda bundan öncə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində iqtisadi durumla bağlı geniş etirazlar baş qaldırmışdı. O zaman İran polisi və İnqilib Keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələri ilə toqquşmalarda onlarla insan həyatını itirmişdi.
Hökumət bildirib ki, yanacaqdan əldə edilən gəlirdən yoxsul ailələrə yardım etmək üçün istifadə ediləcək. ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə ölkə valyutası dəyər itirib, işsizlik və inflyasiya artıb.
Toker hesab edir ki, İran hökuməti interneti bağlamaqla imtiyaz əldə edəcəyini düşünürsə də, bu, hökumətə baha başa gələcək. "İnternet insanların demokratik şəkildə baxışlarını nümayiş etdirməsi üçün bir platformadır. Onlar bundan məhrum edilsə, nümayişlər daha zorakı hal ala bilər” - deyə, Toker əlavə edib.
“Amerikanın Səsi”nin fars xidmətinin İrandan əldə etdiyi şəkillərdə təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində ölənlərin cəsədləri nümayiş etdirilir. Ölüm halları Behbahan, Kərəc, Marivan, Şəhriyar, Şiraz, Sircan və Tehranın Baharestan bölgəsində qeydə alınıb. Öldürülən nümayişçilərin kimliyini müəyyən etmək mümkün olmayıb.
Şəffaflıq.az
Facebook-da paylaş