Samirə Musayeva: Azərbaycan sahibkarları üçün şəffaflıq iqtisadi baxımdan daha səmərəlidir, daha sərfəlidir”.
“Bu gün Azərbaycan sahibkarları üçün şəffaflıq iqtisadi baxımdan daha səmərəlidir, daha sərfəlidir”. Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib. “Vergi orqanlarının çoxsaylı məlumat bazasına inteqrasiyası, digər dövlət orqanlarına və kommersiya banklarına çıxış imkanları sahibkarların əməliyyatlarına bu və yaxud digər formada nəzarət imkanı verir. Sahibkarlara hər zaman deyirik ki, şəffaf və doğru işləməkdən, öhdəliklərinizi bəyan etməkdən çəkinməyin. Qeyri-şəffaf işləmək vergidən yayınmaq deməkdir ki, bu da çox ağır maliyyə sanksiyaları və cinayət məsuliyyəti ilə nəticələnir. Şəffaf işləyən, gəlirlərinin və xərclərinin uçotunu dəqiq aparan sahibkarların vergi təşviqlərindən istifadə etmək imkanları var. Rəqəmsal Elektron Platforma üzərindən gəlirlərinin və xərclərinin uçotunu aparan sahibkarlar hətta hansısa texniki baxımdan səhvə yol versə belə, onlara tətbiq edilən maliyyə sanksiyaları qanunla 50 % azaldılır”, - o deyib. “Bu gün Azərbaycanda vergi yükü çox deyil. Beynəlxalq təşkilatlar ölkəmizdə vergi yükünü qiymətləndirərkən istər qonşu ölkələrlə, istərsə də İqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə müqayisədə Azərbaycanda vergi yükünün sahibkarlıq mühitini təşviq etdiyini qeyd edirlər. Öhdəliklərini könüllü bəyan edən, vergini ödəyən sahibkar vergi yükünün çox olduğundan gileylənmir", - S.Musayeva əlavə edib.
Facebook-da paylaş