“Report”un ABŞ bürosunun əməkdaşı: "Türkəsilli Mehmet Özün Konqresə namizədliyi erməniləri narahat edir"
"ABŞ Konqresinə seçkilərdə namizəd kimi iştirak edən Mehmet Özün türk kimliyi və qondarma "erməni soyqırımı"nı qəbul etməməsi Birləşmiş Ştatlarda yaşayan erməniləri narahat edir". Bunu “Report”un ABŞ bürosunun əməkdaşı Vüsalə Abbasova AzTV-nin “Günün ortası” adlı siyasi proqramında deyib. Onun sözlərinə görə, hazırda ABŞ Konqresinə seçkilərə son hazırlıqlar görülür: "Qanunverici orqana noyabrın 8-də baş tutacaq seçkilər ABŞ və bu ölkədə yaşayan icmaların nümayəndələri üçün olduqca vacibdir. Türkəsilli Mehmet Öz seçkilərdə ilk müsəlman namizəd olacaq və ümid edirik ki, seçiləcək. ABŞ-dakı erməni diasporunun fəalları onun gücündən narahat olmağa başlayıblar". V.Abbasova qeyd edib ki, erməni KİV-i və onların təsir etdiyi yerli ABŞ mediası son günlər M.Özdən yazır: "Onun türk, müsəlman kimliyi, nüfuzlu şəxsiyyət olması və qondarma "erməni soyqırımı"nı qəbul etməməsi onları narahat edir. Erməni lobbisi bir çox iddialar ortaya atır. Mehmet Öz hələ də Türkiyə vətəndaşıdır. Bundan əlavə, ABŞ-ın sabiq Prezidenti Donald Tramp da Mehmet Özə açıq dəstəyini ifadə edən şəxslərdən biridir. Məhz bu səbəbdən də Mehmet Özün güclü namizəd olması erməniləri narahat edir. ABŞ Konqresində həqiqətləri söyləyəcək şəxsin olmasından qorxurlar. Çünki o, ermənilərin iddialarının yalan olduğunu sübut edən faktlar ortaya qoyacaq. Bu isə ciddi çaxnaşma yaradacaq. Belə bir hal kimin doğru, kimin yalan danışdığına dair ciddi suallar yaradacaq". O vurğulayıb ki, M.Öz ABŞ Konqresində təmsil olunarsa, ermənilər orada yalan danışa bilməyəcəklər, buna cəhd etdikləri halda isə yerindəcə layiqli cavablarını alacaqlar: "Mehmet Öz erməni yalanlarının qarşısında bir sipər olacaq. Bu isə bizi sevindirir. ABŞ-dakı türk icması hazırda sakit şəkildə, təmkinlə nəticəni gözləyir. Görüşdüyüm, həmsöhbət olduğum dərnək rəhbərləri və icma fəalları bu kritik dönəmin uğurlu nəticə ilə başa çatacağına ümid edirlər. Mehmet Özün qələbəsini səbirsizliklə gözləyirik. Əgər o, qələbə qazansa, bunu ölkələrimizdə qeyd edəcəyik".
Facebook-da paylaş