Bərdə-Ağdam dəmiryolu xəttində görülən işlər açıqlanıb
Bərdə-Ağdam dəmiryolu xəttində tikinti işlərinin 44%-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Şəffaflıq.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.
Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, üç ədəd körpü, bir ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Onun sözlərinə görə, süni mühəndis qurğusuna üç ədəd körpü, bir ədəd yolötürücü, iki ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir:
“Dəmiryolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, beş km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.
Nəzərinizə çatdıraq ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.
Birinci mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, süni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir.
İkinci mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18%, süni qurğular 12%, dəmiryolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8%-dir.
Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.
Qeyd edək ki, Bərdə-Ağdam dəmiryolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli sərəncamına əsasən start verilib.
Facebook-da paylaş