Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
Şəffaflıq.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.
Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.
O, cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
 Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Vahid İsmayılov
Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}