COVID-19 pasportu nə zaman ləğv ediləcək? - AÇIQLAMA
Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv edilməsinə səbəb ola bilər?
Şəffaflıq.az-ın məlumatına görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, pandemiyanın davam etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra amillərdən, o cümlədən, COVID-19 ştamlarının fəallığı, klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli təzahürləri qeydə alındı.
"Bunlara müvafiq olaraq, dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zərurəti yarandı. Lakin son yayılan omikron ştamı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən, ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır", - deyə o qeyd edib.
K.İsmayılova, həmçinin, bildirib ki, Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə artıq məcburi xarakter daşımır.
"Təbii ki, pandemiya ilə bağlı narahatlıqların artıq arxada qalması ilə bağlı ÜST-ün rəsmi bəyanatı olduqda, COVID-19 pasportlarının ləğvi ilə bağlı məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəmində müzakirə üçün çıxarılacaq", - deyə o əlavə edib (trend).
Facebook-da paylaş