Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır
Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.
Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə etməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.
Son günlər orta məktəblərdə şagird-müəllim münasibətlərinə, təhsil prosesinə mənfi təsir edən videoların yayılması əslində bu qadağanın yerində olduğunu bir daha sübut edir. Şagirdlər dərsə diqqət yetirmək əvəzinə, məktəbdaxili intizam qaydalarına zidd hərəkətlərə yol verərək, bunu xüsusi “istedad” kimi də mobil telefonla çəkir və ictimailəşdirirlər.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə nazirlik tərəfindən yeni qaydalar tərtib olunacaq:
“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın” , - deyə nazirlik rəsmisi vurğulayıb.
Şəffaflıq.az
Facebook-da paylaş