Baş katib: “Bəzi federasiyalarda əsgərliklə bağlı sui-istifadə halları var”

“Nazirliyin səsləndirdiyi sualların hamısı çox aktual və gündəmdə olan məsələlərdir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Voleybol Federasiyasın (AVF) baş katibi Fərid Xəlilov yanvarın 8-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı barədə danışarkən deyib.
Funksioner bildirib ki, toplantıda əsas müzakirə mövzusu Tokio-2020 Yay Olimpiya Oyunlarındakı nəticələr olub: “Yaxşı nəticələr o deməkdir ki, iş düzgün aparılır və bu istiqamətdə davam etmək lazımdır. Nəticələri pis olan federasiyalarda isə görülən işlər təhlil olundu. Vəziyyəti dəyişdirmək, yeni nailiyyətlər qazanmaq üçün nələr edə biləcəyimizi danışdıq. Əksər federasiyalardakı problemlər barədə məlumat mübadiləsi oldu. Bəzilərində, sırf maliyyə, bəzilərində kommunikasiya problemləri var. Hərə öz problemini səsləndirdi və nazirlik bunların həlli yollarını təklif etdi. Bundan sonrakı müzakirələr hər bir federasiya ilə ayrı-ayrılıqda aparılacaq”.
Xəlilov AVF-də əsas problemin kommunikasiya ilə bağlı olduğunu söyləyib: “Təhsil Nazirliyinə hansısa perspektivli oyunçu üçün müraciət edəndə cavab verirlər ki, yalnız dünya və Avropa çempionatına hazırlaşan voleybolçulara icazə verilə bilər. Amma idman növlərində vəziyyət elədir ki, idmançı çox məşq etməklə yarışlara qatıla bilər. Az məşqlə səviyyə artmayacaq. Ona görə də zəncirvari problem yaranır. Deyirlər ki, idmançı güclü olmalıdır ki, icazə verək. Oyunçu isə məşqsiz güclü ola bilməz. Təhsil Nazirliyi ilə birlikdə işlər aparmalıyıq. Gənclər və İdman Nazirliyi bu problemin həllinə daha çox diqqət ayrılacağına söz verib. Sonradan aşkar olundu ki, digər federasiyalar da bu cür problemlərlə üzləşirlər. İdmançılar icazə səbəbindən istənilən həcmdə məşq prosesinə qoşula bilmirlər”.
Onun sözlərinə görə, iclada hərbi xidmət və icazələrin verilməsi ilə bağlı ayrıca məsələ barədə fikir mübadiləsi olub: “İcazə problemi xüsusilə qızlarda olur. Biz istəyirik ki, onlar tez-tez məşqlərə gəlsinlər. Amma məktəbdən deyirlər ki, biz icazə vermirik. Hərbi xidmətlə bağlı məsələlərə görə digər federasiyalar Gənclər və İdman Nazirliyinə daha tez-tez müraciət edir. Nazirlik bununla bağlı da tədbir keçirəcək. Belə məsələlərə hər dəfə fərdi qaydada baxılmalıdır. Bəzi federasiyalar bundan istifadə edib idmana yararsızları həm dərslərdən, həm də hərbi xidmətdən uzaqlaşdırmaq istəyirlər. Bundan sonra belə məsələlərə daha ciddi nəzarət ediləcək. Eyni zamanda, buna imkan verməyəcəklər. Yəni, bəzi federasiyalarda bununla bağlı sui-istifadə halları da var. Bu, tək hərbi xidmətlə bağlı yox, digər məsələlərdə də var. Cənab nazir qeyd etdi ki, bizdə elə də çox federasiya yoxdur, amma nazirliyə müraciət edən qurumların sayı 80-dən çoxdur. Doğrudan da baxırsan ki, ciddi qurumdur, Avropa ilə bağlı işləri, layihələri var. Amma Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli olduqlarından xəbərləri yoxdur. Yəni, rəsmi heç bir sənədi olmayan insan toplusu özünü federasiya adlandırır və fəaliyyət göstərməyə başlayır. Bu cür fəaliyyət isə qanunsuzdur. Gənclər və İdman Nazirliyi artıq bu məsələyə tam ciddi nəzarət edəcək. Bütün sənədlər qaydasında olmalıdır”.
Xəlilov çalışdığı federasiyada hərbi xidmətlə bağlı çətinliyin olmadığını vurğulayıb: “Əsas üstünlüyümüz də məhz bundan ibarətdir. Çünki “Sərhədçi” Milli Ordu klubudur. Kişi voleybolçular hərbi xidmətlərini bu klubda oynamaqla çəkirlər. Rəsmi qaydada hərbçi sayılırlar. Hərbi xidmət qaydalarına uyğun məşq edir, idman fəaliyyətini davam etdirirlər. Amma digər idman növlərində demək olar ki, belə bir imkan yoxdur. Ona görə də bizdə bu problem mövcud deyil”.
Baş katib yığıncaqda müzakirə olunan digər mövzuya də toxunub: “Daha sonra məsələ qaldırıldı ki, hər bir federasiyadan nümayəndələr beynəlxalq qurumlarda təmsil olunmalıdırlar. Məsələn, bizim 3-4 işçimiz komissiyaların iştirakçısıdır. Hər bir federasiya buna çalışmalıdır. Bu, həm idmanmıza, həm də nüfuzumuza xeyir verə bilər”.
Xəlilov AFFA-nın Gənclər və İdman Nazirliyinə proqram təminatı ilə bağlı kömək təklif etdiyini bildirib: “Bu cür tədbirlər ən azı 3 aydan bir keçirilməlidir. Amma istisnalar da mövcuddur. Məsələn, orada AFFA ilə bağlı məsələ var idi. Bu qurumlarla ayrılıqda görüşlər keçirilib. Daha effektiv olması üçün bu görüşlər fərdi xarakter daşıyacaq. AFFA-da maliyyə baxımından problem yoxdur. Onların UEFA-dan da gəlirləri var. Hətta özləri proqram təminatı ilə bağlı nazirliyə dəstək olmağı təklif ediblər. Yəni, tətbiq hazırlanacaq və orada nəticələrə baxmaq mümkün olacaq. Daha sonra isə əvvəlki və indiki nəticələr müqayisə olunacaq. Dedilər ki, özləri üçün müəyyən proqram təminatlarından istifadə edirlər. AFFA-nın partnyorları Gənclər və İdman Nazirliyi üçün bu köməkliyi göstərə bilər”.
Xəlilovun fikrincə, əksər problemlərin həlli maliyyədən asılıdır: “Nazir bildirdi ki, mövcud qanunvericiliyə dəyişikliklərə artıq başlanılıb. Amma bu, bir günün işi deyil. Buraya sponsorların cəlb olunması, vergilərdən azad olunma məsələləri daxildir. Cənab nazirlə qeyri-rəsmi söhbət zamanı bu barədə söhbət etdik. Dedi ki, bir az fərqli yanaşma olacaq. Hamı maliyyəni nazirlikdən gözləməsin. Qurum yalnız qanuna dəyişikliyi təklif edə bilər. Bütün federasiyalarla görüş keçirildi. Artıq boşluqları görüblər və bunları aradan qaldırmaq üçün öz təkliflərini bildirirlər. İnanırıq ki, bu, qanunda öz əksini tapacaq. Nazirliyin də istəyi odur ki, federasiyalar pul üçün onlara müraciət etməsin. Qanun dəyişikliyindən sonra şirkətlər gəlməli və klublara, federasiyalara sponsorluq təklif etməlidir”.
O, mərc oyunlarından gələn gəlirin bir hissəsinin idmana yönləndirilməsi ilə bağlı məsələ qaldırılmadığını əlavə edib: “Başqa ölkələrdə bu cür şirkətlər federasiyalara, klublara sponsorluq edir. Amma bizim ölkədə hələ bu məsələ gündəmdə deyil. Əvvəllər mərc oyunu şirkəti voleybol federasiyasına da sponsorluq edirdi. Lakin bu, tək-tük variantlardandır. Yəni, individual xarakterli yanaşmadır. 2019-cu ildən sonra bizə həmin şirkətdən heç bir vəsait daxil olmur. Problemlər çoxdur. Nazir bildirdi ki, bunları həll etmək lazımdır, amma çıxış yolunu sadəcə, maliyyədə görməməliyik. Qanunvericilik, yanaşma dəyişilməlidir. “Problemi pulla həll edə bilərik” fikri düzgün yanaşma deyil”.
Xəlilov bundan sonra milliləşmə məsələsinə də çox ciddi nəzarət olunacağını söyləyib: “Qeyd olundu ki, bu, maliyyələşmə gözüyumulu olmamalı, prosedur qaydaları dəyişilməlidir. Yalnız iki-üç federasiya milliləşmədən istifadə etmir. Onlar da spesifik idman növləridir. Legionerləri yerli kadrlarla əvəzləmək lazımdır. Nəticə üçün əcnəbiləri yığmaya doldurmaq idman siyasəti deyil. Bunun sabahı yoxdur. Onlar gəlib oynayacaq, sonra gedəcəklər. İngilislərin belə bir sözü var ki, ölkəyə də nəsə qalmalıdır. Bu halda ölkəyə heç nə qalmır. Buna ciddi diqqət ayrılmalıdır. Martda beynəlxalq yarışlar başlamamış iclas keçirməliyik. Orada mövcud problemləri müzakirə edəcəyik. Növbəti toplantı təqribən 8-9 martda nəzərdə tutulub”.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}