Rusiya vətəndaşlığı almaq sadələşdirilir: Məqsəd nədir?

 

Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib. Yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar, Rusiya imperiyası təbəələrinin varisləri sadə yolla vətəndaşlıq ala biləcək.


Məsələ ilə bağlı fikirlərini açıqlayan hüquqşünas Sahib Məmmədov müsahibəsində bildirdi ki, Rusiyada vətəndaşlığın əldə edilməsi və vətəndaşlığa xitam verilməsi ilə bağlı yeni prosedurlar müəyyən olunacaq: "Bu qanunun hazırlanmasında iki məqsəd var:
  1. Arzuolunmaz şəxslərin, yəni terror törədənlərin, dövlətə və vətənə xəyanət edənlərin və s. şəxslərin vətəndaşlığına xitam verilməsi ilə bağlı hüquqi prosedur yaranacaq.
  2. Müəyyən kateqoriyaya malik vətəndaşlığı olmayan şəxslər və ya əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurları asanlaşacaq.
Məsələn, Azərbaycandan köçüb gedən bir şəxs uzun müddətdir ki, bu ölkədə yaşayır, bir Rusiya vətəndaşı olan xanımla ailə qurub və övladları var, ancaq vətəndaşlıq ala bilməyib. Əgər qanun layihəsi qəbul olunarsa, bağladığı nikah saxta deyilsə və rəsmidirsə, bu halda asanlıqla vətəndaşlıq əldə edəcək. Yaxud da, ölkə qanunvericiliyinə uyğun olaraq, yaxın qohumlar kateqoriyasına aid olan şəxslərin, eləcə də uzun illər bu ölkədə yaşayan və daimi yaşamaq hüququ əldə etmiş şəxslərin də vətəndaşlıq əldə etməsi asanlaşacaq. 1992-ci ilə qədər SSRİ vətəndaşı olmuş və ondan sonra uzun illərdir Rusiyada yaşayan şəxslər də bu hüququ əldə edəcəklər.

Azərbaycanda 2015-ci ildə "Vətəndaşlıq haqqında" qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində mütləq müvafiq dövlət orqanlarına, eləcə də Dövlət Miqrasiya Xidmətinə, ölkəmizin xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarina yazılı məlumat verməlidir. Əks halda, cinayət məsuliyyəti daşıyacaq".


Müsahibimiz, həmin dövrə qədər həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşı olan şəxslərə qarşı münasibətdə heç bir hərəkət olmayacağını diqqətə çatdırdı: "Onlar iki və daha çox vətəndaşlıq sistemi üzrə qalacaqlar, amma Azərbaycan onları öz vətəndaşları kimi tanımaqda davam edəcək və başqa ölkə vətəndaşı olduqları üçün heç bir öhdəlik daşımayacaqlar. 2015-ci ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra hökumət vətəndaşlığa xitam da verə bilər, hətta saxlaya da bilər. Amma bu, ikili vətəndaşlıq demək deyil".


Əgər yeni qanun layihəsi qəbul olunarsa, uzun illərdir ki, bu ölkədə uzun illər yaşayan azərbaycanlılar üçün yeni imtiyazlar müəyyən olunacaq. Hətta iş və ya daimi yaşamaq üçün bu ölkəyə gedən şəxslər də vətəndaşlıq əldə etmək üçün bəzi prosedurlardan keçməli olacaqlar...


Bu məsələni şərh edən ekspertin sözlərinə görə, hələlik hansı prosedurların olacağı məlum deyil: "Yəqin ki, bu məsələ yeni layihədə tam əksini tapacaq. Hazırkı prosedurlar bir qədər mürəkkəbdir. Yeni layihə Dövlət Dumasına və Yuxarı Palataya yeni təqdim olunub. Yeni ildən sonra prioritet qaydada müzakirəyə çıxarılacaq. Qanunun qəbulu üçün müəyyən vaxt tələb olunur. Qanunun qəbulundan sonra ilk növbədə demoqrafik problemi həll edəcəklər. Rusiyada əhalinin artımı hər min nəfərə görə sıfıra bərabərdir. Ölkəmizdə isə bu, min nəfərə səkkiz nəfər düşür".


Qanunun qəbulundan sonra vətəndaşlığa qəbul edilənlərin hansı imtiyazlar əldə etməsinə gəlincə, müsahibimiz Rusiyanın özünü sosial dövlət kimi tanıtdığını diqqətə çatdırdı: "Ölkədə bir sıra sosial üstünlüklər var ki, onlar yalnız vətəndaşlara şamil edilir. Orada yaşayan əcnəbilər də vətəndaşlıq əldə etdikdən sonra həm həm üstünlükləri əldə edəcək, həm də siyasi-iqtisadi hüquqlara sahib olacaqlar".

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}