Qafqazın ən hündür minarəli məscidi
Balakəndə yerləşən minarəli məscid MDB məkanının ən hündür minarəli məscidi sayılır.
İbadətgah 1867-1877-ci illərdə tikilib. İlisulu usta tərəfindən tikintisi yarımçıq qalan minarənin inşasını şagirdi başa çatdırıb. Bəzi mənbələrdə isə Balakən camaatının bu ibadət ocağını tikdiyi ehtimal olunur.
Yumurta sarısı və əhəngdən istifadə edilməklə ərsəyə gələn tarixi abidəyə güclü zəlzələlər belə təsir göstərə bilməyib. Minarəli məscidin hündürlüyü 40 metrdən çox, eni isə 23 metrdir. Səkkiz guşəli nəbati ornamentlərlə işlənmiş ibadətgah Sovet imperiyası məkanının ən hündür minarəsi hesab olunub.
Məscid binası çay daşı, minarəsi isə bişmiş kərpicdən inşa edilib. İbadətgahın orta sütunlarının üzərində səkkiz guşəli gümbəz yerləşir. Minbər isə naxışlarla tağdan hazırlanıb. Məsciddə eyni zamanda min nəfər ibadət edə bilər.
Balakən tarixi abidələrlə zəngin rayonlarımızdandır. Pəri qalası, Nur məbədi, Katex gözətçi qüllələri ilə yanaşı, Cənubi Qafqazın ilk ən uca minarəli məscidi də ölkə əhəmiyyətli memarlıq abidələrindən hesab olunur.
Qeyd edək ki, Balakən rayonuna gələn turistlərin böyük əksəriyyəti məhz minarəli məscidi ziyarət edir.
Şəffaflıq.az
Facebook-da paylaş