Ukraynalı deputatlar azad olunmuş ərazilərə səfərlərinə dair bəyanat yayıblar

"Ukrayna Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən duyduğu sevinci bölüşərək regionda sülhün qətiyyətlə bərqərar olunmasını alqışlayır".
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin bu günlərdə Gəncə və Ağdamda olmuş üzvlərinin bəyanatında qeyd olunub.
“Biz Ukrayna parlamentinin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvləri Bakıya, Gəncəyə, habelə Qarabağa azad olunmuş Ağdam şəhərinə getdik. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bu baxımdan Ukraynadakı Azərbaycan diasporu Ukrayna-Azərbaycan münasibətlərinin daha da gücləndirilməsində mühüm halqadır. Az qala XX əsrin bütövlükdə hamısını Ukrayna və Azərbaycan xalqları birgə yaşayıblar, XXI əsrdə də iki ölkə iqtisadi və siyasi əməkdaşlığını dərinləşdirməyə davam edir.
Hər bir müharibə insan fəlakəti və dağıntıdır. Buna Ağdamda bir daha şahid olduq. Viranəyə çevrilmiş evlər, məktəblər, zədələnmiş, işğalçıların mal-qara saxladığı məscidlər, eybəcər hala salınan qəbiristanlıqlar insanda acı hisslər oyadır. Minlərlə metr səngərlər, yüzlərlə atəş nöqtəsi, minalanmış geniş ərazilər Qarabağın sırf hərbi bölgəyə çevrildiyinə, mülki tikililərin yoxluğu isə işğalçıların burada uzun müddət qalmaq fikrində olmamasına dəlalətdir. Ağdamın qaytarılmasının nəticəsi artıq hiss olunur, dağıntılar təmizlənir, yollar çəkilir, yeni evlər inşa edilir. İnşallah Ağdam və bütövlükdə Qarabağ yenidən bağ-bağata çevriləcək.
Təəssüf ki, Qarabağın qaytarılması Azərbaycan xalqına baha başa gəlib. Gözəl Bakıda İkinci Şəhidlər xiyabanı salınıb. Ölkənin az qala hər yaşayış məskənində Şəhidlər xiyabanı var, orada Vətənin azadlığı, müstəqilliyi yolunda canından keçmiş igidlər uyuyur. Son müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən Gəncənin də atəşə tutulduğunu unutmuruq. O zaman raketlər dinc sakinləri aramızdan aparıb ki, bu da idbar cinayət, beynəlxalq hüququn kobud pozulmasıdır. Səfər zamanı Azərbaycan xalqının ölənlərin xatirəsini əziz tutduğunu gördük. Qarabağda bərpa işlərinin sürətlə aparıldığını, azərbaycanlıların ölənlərini ehtiramla yad etdiklərini görəndə regionda sülhün tamamilə bərqərar olacağına əmin olduq.
Ukrayna Azərbaycanın şəhidlərə görə yaşadığı acı və kədəri bölüşür, eyni zamanda ərazi bütövlüyünün bərpasına sevindiyinə də şərik çıxaraq regiondakı sülhün qətiyyətlə bərqərar olmasını alqışlayır. Biz Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri azad edilən Qarabağa səfər etmək, onun viranələrdən addım-addım qalxdığını görmək imkanı yaradıldığına şadıq. Dost Azərbaycana ən səmimi qəlbdən əmin-amanlıq və firavanlıq arzularımızı yetiririk", - bəyanatda vurğulanıb
Bəyanatı Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədri Valeriy Koliux, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədri Volodımir Kreydenko, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini Lyudmila Marçenko, Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini Marian Zabolotskiy, Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun katibi İvan Slobodiannik, eyni zamanda Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun üzvləri Oleksandr Qorobets, Mikolo Qaluşko və Serhiy Bunun imzalayıblar.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}