Ermənistanın Tərtərə təcavüzü nəticəsində dağıdılan məktəbin yeni binasının açılışı olub

 Vətən müharibəsi zamanı erməni terroru nəticəsində yararsız hala düşən Tərtər rayonu Dağıstan Əzizov adına Şıxarx kənd 1 nömrəli tam orta məktəbin yeni inşa olunan modul tipli binasının açılışı olub.
"Report"un Tərtərə ezam olunan əməkdaşı xəbər verir ki, açılışda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Təhsil müəssisəsinin direktoru Ramil Ağayev xatırladıb ki, ötən il Vətən müharibəsi başlayandan iki gün sonra - sentyabrın 29-da məktəbin həyətinə mərmi düşmüşdü: "Tərtərdə erməni vəhşiliyinin qurbanı olan ilk məktəb də məhz bura olub. Məktəb tamamilə istifadəyə yararsız halda idi. Dövlət başçısının tapşırığı ilə məktəbdə təhsil alan şagirdlər üçün yeni təhsil ocağı inşa edildi. Məktəb modul tipli olmaqla 12 otaqdan ibarətdir. 80 şagird yerlikdir və 22 müəllim çalışır".
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə xatırladıb ki, rayon Vətən müharibəsində ən çox zərər çəkən ərazi olub: "Müharibə zamanı 16 məktəb, 11 bağça və çox sayda obyekt yararsız hala düşüb. Tərtər rayonu 44 günlük müddətdə hər günə bir şəhid verib. Həmin müddətdə 16 mülki şəhidimiz də olub. Onlardan biri də məktəbli olub".
O qeyd edib ki, yararsız hala düşən 16 məktəbdən 15-i artıq təmir olunub: "5 saylı orta məktəbin isə əsaslı təmirə yox, yenidən inşa olunması üçün dövlət başçısının sərəncamı var. Yəqin ki, yaxın vaxtlarda həmin məktəbin tikintisinə başlanılacaq".
Çıxışlardan sonra qazi övladı, məktəbin şagirdi Zəhra Seyidli və sinif yoldaşları Vətən mövzusunda şeir səsləndiriblər.
Daha sonra məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən, Zəfər Gününə həsr olunmuş "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyası çərçivəsində ağaclar əkilib.


















Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}