Həkim-reanimatoloq: Reanimasiyada yatan COVID-19 xəstələrinin əksəriyyəti peyvənd vurdurmayanlardır

 Yeni növ koronavirus (COVID-19) infeksiyası bəşəriyyəti narahat edən bəladır. Bu virus infeksiyasına yoluxma halı gah artıb, gah da azaldığına görə buna dalğavari yoluxma deyirlər. Koronavirusla yoluxmanın hazırki dinamikasının bir müddət də davam edəcəyi proqnozlaşdırılır. COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə kollektiv immunitet formalaşdırılmalıdır. Kollektiv immunitet ya vətəndaşların virusa yoluxub sağalması, ya kütləvi vaksinasiya vasitəsilə mümkündür. Vətəndaşlar bilməlidirlər ki, peyvənd olunmaq COVID-19-dan qurtulmaq üçün yeganə çıxış yoludur. Virusa heç yoluxmayanlar istənilən vaxt, yoluxanlar isə sağaldıqdan 6 ay sonra peyvənd vurdura bilərlər.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının anestezioloq-reanimatoloqu Famil Mustafayev deyib.

 Həkim-mütəxəssis bildirib ki, cəmiyyətdə vaksinasiya ilə bağlı müəyyən tərəddüdlər var: "Təbii ki, müəyyən qədər qorxu və gərginliyin olması normaldır. Lakin nəzərə almaq lazımdır ki, peyvənd vurdurmaq yox, əslində virusa yoluxmaq təhlükəlidir. Bununla yanaşı, vaksin vurduranlara tövsiyə edirəm ki, arxayınlaşmaq lazım olmaz. Peyvənd virusa yoluxmadan qorumur, sadəcə olaraq xəstənin infeksiyanı daha yüngül keçirməsini təmin edir. Yəni, peyvənd vurdurduqdan sonra belə özünümühafizə qaydalarına əməl etmək lazımdır. Tibbi maskadan və dezinfeksiya məhlullarından istifadə etmək, sosial məsafəni qorumaq vacib şərtdir. İstər yoluxub sağalmaqla, istərsə də peyvəndlə virus əleyhinə immunitet qazanan hər kəs qızıl qaydalara riayət etməlidir. Ümumiyyətlə iki doza vaksin vurdurmuş vətəndaşlar arasında yoluxma hallarına təsadüf rast gəlinir. Belə xəstələr düzgün müalicə metodu ilə çox qısa zamanda sağlamlıqlarına qovuşurlar. Xüsusilə də yanaşı xəstəliyi olan, orta yaşlı və immunitetinə xüsusi diqqət yetirməyən vətəndaşlar vaksin vurdursalar da çox diqqətli olmalıdırlar".
F.Mustafayev qeyd edib ki, koronavirusun hazırkı dalğası zamanı virusa yoluxub reanimasiyada yatan xəstələrin əksəriyyəti COVID-19-u ciddi qəbul etməyən və peyvənd vurdurmayanlardır: "Vaksinasiyadan keçənlərin orqanizminin müdafiə qüvvəsi olduğuna görə xəstəliyə tez qalib gəlirlər. İndiki dövrdə COVID-19 əleyhinə vaksinasiyadan imtina etmək çıxış yolu deyil".


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}