Əliəkbər Ocaqnejat - ifşa olunmuş "din" xadimi
Əslində, Ocaqnejat bu sayaq fəaliyyəti ilə Azərbaycan cəmiyyətində iranyönlülərin rolunun artmasına nail olmağa çalışıb. İranda ayətullah sayılan bəzi din xadimləri Azərbaycanda təriqətlərarası qarşıdurma yaratmağa səy göstəriblər. Onların dediklərini həyata keçirən ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi insanların dinə və İslam Respublikasına xoş münasibətindən sui-istifadə edərək Azərbaycanda İslam dini daxilində parçalanma yaratmağa səy göstərib. Bakıda bu məqsədlə ayrıca məscidin tikilməsinə nail olub. Baş verənlərə əsasən, demək olar ki, bu məscidin və ayətullah Xaməneinin nümayəndəsinin fəaliyyətinin yolxanılması heç şübhəsiz artıq sosial sifarişə çevrilib.
Son günlər Ocaqnejatın ofisinin bağlanılması və onun Azərbaycanı tərk etdiyinə dair məlumatlar yayılıb. İranın bir sıra rəsmi qurumları, o cümlədən Tehranın Bakıdakı səfirliyi onun Azərbaycanı tərk etmədiyini deməklə ölkə ictimaiyyətini aldatmağa çalışır. Əgər o, Azərbaycandadırsa və ona qarşı ittihamları doğru bilmirlərsə, niyə açıqlama verilmir? Niyə Ocaqnejat Azərbaycandakı fəaliyyətinə aydınlıq gətirə biləcək bildiriş yaymır? Belə ehtimal etmək olar ki, din xadimi pərdəsi altında törətdiyi əməllərə haqq qazandırmağa sözü, faktı və arqumenti belə yoxdur. Bir çoxları iki ölkə arasında gərginlik yaradan amillər axtarır. Onlardan biri Ocaqnejat amilidir. Onun pozuculuq fəaliyyəti iki ölkə arasında gərginlik yaradan səbəblərdəndir. İran ali rəhbərinin nümayəndəsinin əməlləri Azərbaycan ictimaiyyətində İrandakı hakimiyyətə qarşı pis münasibət yaradıb. İran rəsmiləri respublikada İranofobiyanın olduğunu söyləyirlər. Ancaq təəssüf ki, bunu onların özlərinin yaratdıqlarını fərq etmirlər. Ocaqnejat yalnız iki ölkə arasında münasibətləri pozanlardan deyil, həm də bu fəaliyyəti ilə Azərbaycanda dinin təbliğatına da ziyan vurub. Din insanların birləşməsinə xidmət edir, insanlar arasında etimad və etibarın artmasına təkan verir. Din müxtəlif etnosları və mədəniyyətləri, ölkələri bir-birinə yaxınlaşdırır. Ancaq Ocaqnejat kimi din xadimlərinin sayəsində bu kimi hallara zərbə dəyir.
Tehran rəsmiləri Azərbaycanla İran arasında münasibəti İsrail və ABŞ-ın pozmağa cəhd göstərdiyini iddia edirlər. İranın özünə düşmən saydığı bu dövlətlərin respublikada pozuculuq işləri ilə məşğul olduğuna dair faktlar yoxdur. Bu ölkələrin də, İranın da Azərbaycanda və regionda öz maraqları var. Ancaq onlar bu maraqlarını təmin edərkən Azərbaycanın suverenliyinə, onun ərazi bütövlüyünə, demokratiyanın inkişafına və başqa bu kimi sahələrə ziyan vurmurlar. Onlar Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin və respublikada demokratik dəyərlərin inkişafına dəstək verirlər. Ocaqnejatın timsalında isə İran hakimiyyəti bütün əməlləri ilə Azərbaycan dövlətinə qarşıdır.
Odur ki, İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə və ölkələr arasında qarşıdurma yaratmaq üçün İsrail və ABŞ-a ehtiyac yox imiş. İran hakimiyyəti Ocaqnejata və onun kimilərə maliyyə vəsaiti xərcləməklə iki qonşu, müsəlman və əhalisi qardaş olan ölkələri bir-birinə qarşı qoyur. İran ali rəhbərinin nümayəndəsi və onun kimilər bu istiqamətdə daha çox "düşmən dəyirmanına su töküblər". Ocaqnejatın əməli, cümə namazlarındakı xütbələri ilə üst-üstə düşmür. Ona görə də bu yerdə təbrizlilərin məşhur bir ibrətamiz məsələsi yada düşür: "Sizin Əbülfəzl Abbas andınıza, yoxsa qoltuğunuzun altındakı oğurluq xoruzun görünən quyruğuna inanım?”
Ocaqnejat İranın düşmən saydığı dövlətlərin yerinə çox işlədi. İki ölkə arasında münasibətləri gərginləşdirmək üçün nə lazımdırsa hamısını edib. İndi İran Ocaqnejatın əməlləri səbəbindən Azərbaycanla gərginləşən münasibəti düzəltmək üçün çox çalışacaq. Buna onların ehtiyacı var. Çünki Azərbaycanda inamı itirə-itirə gedən İrandır...
Şəffaflıq.az
Facebook-da paylaş