Səadət Veysova: Fəaliyyətimdə ali məqsəd, vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmək olub.-FOTO

 “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”
Ümummilli lider Heydər Əliyevin bu sözləri  millətin gələcəyinə işıq tutan, ömrünü, gününü  xalqın maariflənməsinə sərf edən müqəddəs peşə sahiblərinə verilən ən böyük dəyərdir. Azərbaycan təhsilinin keçdiyi uzun və şərəfli yolda adını tariximizə qızıl hərflərlə yazan görkəmli pedaqoqlar, maarifçilər çoxdur. Məhz onların səpdikləri toxumlar millətlər içərisində millətimizin imzasını cücərtmişdir. Bu müqəddəs missiya bu gün də uğurla davam etdirilir.
Ulu öndər Heydər Əliyev “təhsil millətin gələcəyidir” deyirdi və təsadüfi deyil ki, bütün fəaliyyəti dönəmində ən böyük diqqəti də bu sahəyə göstərib. Onun ideyalarını əməllərində yaşadan Prezident İlham Əliyev də Azərbaycan təhsilinin ən böyük himayədarıdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlığı  hər bir kənddə, şəhərdə tikilən, təmir edilən məktəblərdə əbədi yaşayacaq. Təhsilimizin inkişafı ilə bağlı çoxsaylı statistik rəqəmlər sadalamağa lüzum görmürük. Necə deyərlər “görünən şəhərə bələdçi nə lazımdır.” Bu inkişafda əməyi olan şəxslərdən biri haqqında təhsilimizin inkişafı yolunda külüng çalan fədakar pedaqoq  – Səadət Veysova haqqında söz açmaq istəyirik.
Səadət müəllimə bütün həyatını Azərbaycan təhsilinə sərf edib. Sadə müəllimlikdən başlayaraq məsul vəzifələrə qədər yüksəlib. Müəllim adının ucalığını qoruyub, öz əməlləri ilə bunu sübut edib. Bu gün ölkəmizdə sayılıb-seçilən neçə-neçə görkəmli ellm, dövlət xadiminin, alimin uğur səlnaməsində onun imzası, əməyi var.
2017-ci ildən pedaqoji fəaliyyəti Bakıdakı 20 saylı məktəb-liseydən keçir. Bu təhsil ocağının əsası 1958-ci ildə qoyulub. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəb binası əsaslı şəkildə təmir edilib, 2014-cü ildə isə tam sökülüb, 15 sentyabr 2017-ci ildə yeni bina istifadəyə verilib. İlk dərs günündə Prezident İlham Əliyev və Mehriban xanım açılışda iştirak ediblər. Bundan sonra məktəbin direktoru vəzifəsinə Səadət xanım təyin olundu. Bu, böyük bir etimad idi. Səadət xanımın rəhbərliyi altında 20 saylı məktəb liseyin yeni dövrü başlandı.
Bu gün məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, ümumilikdə, 123 sinifdə 3819 şagird təhsil alır. Burada 263 müəllim çalışır. Səadət xanım bu böyük kollektivlə birlikdə məktəbi Azərbaycan təhsilinin  ön sıralarına çıxara bilib.Təbii ki, bu nailiyyətlərin arxasında gərgin əmək və peşəkar idarəetmə qabiliyyəti dayanır.
Söhbət etdiyimiz valideynlər bildirir ki, Səadət xanım hər bir şagird üçün müəllimdən əvvəl anadır. Bir ananın övladı üçün çəkə biləcəyindən də artıq zəhmət çəkir, can yandırır. Onun məsuliyyəti, fərdi yanaşma qabiliyyəti məktəbdə əsl pedaqoji mühitin formalaşmasına şərait yaradıb. Övladı 20 saylı məktəbdə təhsil alan Gülnarə xanım bildirir ki, Səadət müəllimə şagirdlər üçün həm mehriban ana, həm də tələbkar müəllimdir. Məhz bu iki amilin vəhdəti məktəbdə nizam-intizamı, təhsilin keyfiyyətini yüksək səviyyəyə qaldırıb: “Bir valideyn olaraq övladımın taleyi üçün narahat deyiləm. Bilirəm ki, onun təhsil və tərbiyəsi etibarlı əllərdədir. Səadət müəllimə  burada elə mühit yaradıb ki, şagirdlər arasında bəhsləşmə  yaransın. Daha yaxşı oxumaq üçün, sanki, bir yarış gedir. Məktəb bilik ocağına çevrilib”.
20 saylı məktəb lisey bu illər ərzində yeni uğur səlnaməsi yazıb. Fənn olimpiadalarında, respublika və beynəlxalq miqyaslı yarışlarda, müxtəlif tədbirlərdə məktəbin yetirmələri yüksək nailiyyətlər qazanıblar. Onlardan bir neçəsini sizin də diqqətinizə çatdırmaq istəyirik.
Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının tərkib hissəsi olan “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində İspaniya ilə əməkdaşlıq edən A.Hüseynzadə adına 20 saylı  tam orta məktəb-liseyin “olimpiyaçıları” ilk böyük idman festivalına hazırlaşır.
Bu ilin qışında 8 “g” sinif şagirdlərindən ibarət “Real Madrid” və 5 “İ” sinif şagirdlərindən ibarət “Barselona” komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Respublika üzrə rus dili və ədəbiyyatı olimpiadasında fərqləndiklərinə görə məktəb-liseyin şagirdləri Aytac Rəhimova və Səfurə Qasımova Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Rossotrudniçesto"nun Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən "Qalib” diplomu ilə təltif ediliblər.
Martın 17-də Milli Olimpiya Komitəsində 49 məktəb nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə məktəb-lisey “Ayın məktəbi” adına layiq görüldüyü üçün mükafatlandırılıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş 20 Yanvar şəhidlərinin xatirəsinə  həsr olunmuş UŞU Sanda idman növü üzrə Bakı çempionatında 2 “a” sinif şagirdi Nəcəfli Nəcəf qalib gələrək III yerə layiq görülüb.` Məktəb-liseyin şagirdlərinin uğurları bununla bitmir. Belə ki, məktəb-liseyin şagirdi Kərimbəyli Nuran Viuq Çun Federasiyası tərəfindən təşkil olunmuş I Bakı Çempionatında Tao-lu kateqoriyasında qalib gələrək II yerə çıxıb.
7 “g” sinif şagirdi Məryəm Nadirova Gürcüstanın Sulhan-Saba Orbeliani Universitetinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Müasir Amerika nəsr əsərlərinin ifadəli oxunuşu” konfransının iştirakçısı olmuş və Sertifikatla təltif edilmişdir.
Aprelin 27-də isə məktəb-liseyin komandası "Şahin" hərbi-idman oyunlarında Bakı üzrə qalib gələrək, birinci yer tutub.
Mayın 25-də  “Valideynin məktəbdə bir günü”  layihəsinin növbəti mərhələsi keçirilib, valideynlərə övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlıq imkanı yaradılıb, təlim-tədris mühitinin təkmilləşdirilməsi  istiqamətində onların rəy, təklif və tövsiyələri  dinlənilib, nəticə rəhbərlik və pedaqoji kollektivlə müzakirə olunub.
31 may - 4 iyun tarixində Ukraynanın Odessa şəhərində Beynəlxalq karate turniri keçirilib. "Odessa Open" adlanan yarışa qatılan Azərbaycan komandasının tərkibində 20 nömrəli məktəb-liseyin 2 şagirdi də yer alıb. Məktəbin hər iki şagirdi vətənə medalla qayıdıblar. Bütün rəqiblərinə qalib gələn İlqar Heydərli fəxri kürsünün 1-ci pilləsinə qalxaraq qızıl, Vüqar  Heydərli isə gümüş medal qazanıb.
Azərbaycan Respublikası Karate-Do Federasiyaları Assisiasiyası tərəfindən 2018-ci il ərzində Beynəlxalq və Respublika səviyyəli yarışlarda yüksək nəaliyyətlər əldə etdiyinə görə  məktəb-liseyin şagirdi Ruslan Qasımov  “İlin idmançısı” adına layiq görülmüşdür. Bu siyahını kifayət qədər uzatmaq da mümkündür.
Övladı 20 saylı məktəb-liseydə təhsil alan Ətrabə Gül deyir ki, burada yaradılan şərait istənilən Avropa ölkəsi ilə rəqabət apara bilər: “Hər şey yalnız şagirdlərin güclü təhsil almasına xidmət edir. Mənə ən xoş gələn odur ki, məktəbin direktoru Səadət müəllimənin əməyi nəticəsində şagirdlər və müəllimlər arasında qarşılıqlı inam formalaşıb. Öyrədənlər və öyrənənlərin amalı birdir-elmlərin sirrlərinə dərindən yiyələnmək. Direktor valideyn – məktəb münasibətlərinin yüksək səviyyədə qurulmasında nail olub. Məhz bu qarşılıqlı əlaqələr nəticəsində şagirdlərin təlim nailiyyətləri ildən-ilə yüksəlir.”
Ümumiyyətlə,  hər bir ümumi təhsil müəssisəsi özünün ənənələri, təhsildə və təlimdə əldə etdiyi nailiyyətləri ilə iz qoymalıdır. Bu baxımdan Səadət Veysovanın rəhbərlik etdiyi məktəb özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, məktəb təlim və təhsildə qazandığı uğurları ilə ölkədə nümunəvi ümumi təhsil müəssisələrindən biri sayılır.
5 oktyabr  Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Yasamal Rayonu İcra Hakimiyyətininin başçısı Əziz Əzizov A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysovanı və məktəbin bir sıra qabaqcıl müəllimlərini “Fəxri fərman”la təltif edib.
Səadət müəllimə qazandıqları uğurların sirlərini bizimlə bölüşdü. O deyir ki, hər bir uğurun əsasında çəkilən zəhmət və öz işinə vicdanla yanaşmaq dayanır: –Təcrübəmə əsasən deyə bilərəm ki, məktəb mühitində təlim və tərbiyə işini bir-birindən ayrı təsəvvür etmək olmaz. Pedaqoji proses bu iki amilin vəhdətindən ibarətdir. Müasir təlim prosesi elm, texnika və texnologiyanın sürətli inkişafı şəraitində yaşayan, onların imkanlarından gündəlik həyatda istifadə edən şagirdlərdə bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlər formalaşdırmağa xidmət göstərir. Bu xüsusiyyətlərə yiyələnən məktəblilər sonralar həyatda qarşılaşdıqları çətinliklərə hazır olur, onları asanlıqla aradan qaldırırlar
Bu baxımdan çalışırıq ki, məktəbdə şagirdlərə yüksək bilik verilməsi istiqamətində tədbirlər görməklə kifayətlənməyək, onların dünyagörüşünün yüksəldilməsi, müxtəlif sahələrə marağının artırılması məqsədilə də işlər görək. Məktəbdə bilik və idman yarışları, ədəbi-bədii, elmi tədbirlər, müxtəlif sahələr üzrə tanınmış şəxslərlə görüşlər keçirilir, şagirdlərin tarixi məkanlara ekskursiyaları təşkil olunur.
Bir faktı da qeyd edim ki, məktəbimizdə müəllimlərin səmərəli fəaliyyəti və şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait var. Burada fənn kabinetləri, kompüter otaqları, ağıllı lövhələr, həmçinin, internet şəbəkəsinin mövcudluğu şagirdlərə keyfiyyətli təhsil verilməsinə şərait yaradır. Pedaqoji kollektiv gələcəyimiz olan gənc nəsli Vətənə, torpağa məhəbbət, xalqa, adət-ənənələrə sədaqət ruhunda tərbiyə edir, şagirdlərin təhsilə, elmə marağının artırılması, geniş dünyagörüşə malik olması, vətənpərvər ruhda böyüməsi istiqamətində işlər görür”.
Səadət Veysova deyir ki, həmişə fəaliyyətimdə ali məqsəd, vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmək olub. Qazandığım uğurların əsasını da bu təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya hər bir pedaqoq öz əməli ilə cavab verməlidir. Mən də, rəhbərlik etdiyim kollektiv də bu qayğıya görə minnətdarlığımızı  bildiririk.
Sonda təəssüflə qeyd etməliyik ki, bəzi saytlar qazanılan bu samballı uğurlara baxmayaraq  Səadət  Veysovanın rəhbərlik etdiyi məktəb haqqında hədyan dolu yazılar yayırlar. Məqsədləri nədir, bilmirik. Amma, yazdıqlarına özlərindən başqa inanan yoxdur yəqin ki.Onlara bir məsləhətimiz var: gözlərinizdəki pərdəni çıxarın, heç olmasa bir dəfə həqiqətin gözünə dik baxın.Xalq qəzeti

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}