Azərbaycan və Türkiyə nazirləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası ilə tanış olub - FOTO
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, nazirlər ərazidən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası ilə tanış olublar.
Füzuli şəhərini Şuşayla birləşdirəcək Əhmədbəyli-Füzuli-Şuşa yolunun böyük əhəmiyyətə malik olduğunu bildirən A. Karaismailoğlu bu yolun Qarabağın infrastrukturunun bərpasında əhəmiyyətli rol oynayacağını deyib.
Nazirlərə məlumat verilib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməlinin qoyduğu, Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan birinci texniki dərəcəli magistral avtomobil yolu çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun 86 kilometr təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq.
Bundan başqa, yeni yolboyu müxtəlif səviyyəli yol qovşaqların inşası da nəzərdə tutulur.
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəsindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84,6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.
Layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 kilometrlik ikinci texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.
Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən layihə üzrə magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə 27-ci kilometrdə yol qovşağının və aerovağzala giriş yolunun inşası da aparılır.
Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü kilometrlik hissələri, subpodratçı şirkət olaraq "Azvirt" MMC-in inşa etdiyi 34-51-ci kilometrlik hissə və Türkiyənin "Kolin İnşaat" şirkəti tərəfindən inşası aparılan 51-84,6 kilometrlik hissəsidir.
Hazırda yolun 14 kilometrlik hissədə torpaq yatağının inşası işləri yekunlaşdırılıb, növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən, başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, nazirlərin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.
Facebook-da paylaş