DİM bu gün növbəti buraxılış imtahanları keçirəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, bugünkü imtahanlarda 17707 şagirdin iştirakı nəzərdə tutulur.
Saat 11-da başlanacaq imtahan Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında keçiriləcək. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
29-30 aprel tarixlərində müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Xatırladaq ki, 29-30 apreldə imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 150 imtahan binası, 2367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 150 ümumi imtahan rəhbəri, 386 imtahan rəhbəri, 2937 nəzarətçi-müəllim, 277 buraxılışı rejimi əməkdaşı (mühafizə), 150 bina nümayəndəsi ayrılıb.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}