İranda koronavirus məhdudiyyətləri bərpa edildi
İranda koronavirusa yoluxmalar və pandemiya ilə əlaqədar ölümlərin artmasından sonra hökumət məhdudiyyətləri yenidən bərpa edib və yüksək riskli şəhərlərdə iş yerlərinin 10 gün müddətinə bağlanmasına qərar verib.
Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, İranda qeyd edilən Novruz Bayramından öncə 7 min 540 olan yoluxma sayı bu gün 19 min 666 təşkil edib.
Bayramdan əvvəl “qırmızı” kateqoriyadakı şəhərlərin sayı doqquz olduğu halda, bu gün bu rəqəm 257-yə yüksəlib və Prezident Həsən Ruhani dördüncü dalğanın başladığını elan edib.
Bu gündən yüksək riskli olaraq müəyyənləşdirilən “qırmızı” kateqoriyadakı şəhərlərdə tətbiq olunacaq məhdudiyyətlər çərçivəsində çörəkbişirmə müəssisələri, market, qəssab, xəstəxana, aptek və zəruri müəssisələrdən başqa, qalan iş yerləri 10 gün müddətində bağlı qalacaq. Bu müddətdə restoranlar çatdırılma xidməti göstərə biləcəklər.
“Qırmızı” kateqoriyadakı şəhərlərə giriş-çıxışlar qapalı olacaq. Bu kateqoriyadakı şəhərlərə gedənlər cərimələnəcək.
Bundan başqa, gecə 22:00-dan səhər 04:00 aralığında maşınların nəqliyyata çıxışı yasaq olacaq. Bu qaydanı pozanlar bir milyon tümən cərimələnəcək.
Qeyd edək ki, bu gün İranda 19 min 666 yoluxma faktı aşkarlanıb. Bununla ümumi yoluxma sayı 2 milyon 49 min 78-ə çatıb.
Bu gün 193 nəfər pandemiyanın qurbanı olub. Beləcə, koronavirusdan ölüm sayı 64 min 232 təşkil edib.
Facebook-da paylaş